Funikulyor yenə bağlandı

20 Oktyabr 2012 05:20 (UTC+04:00)
Uzunmüddətli təmirdən sonra nəhayət ki, bir müddət öncə istifadəyə verilən Bakı Funikulyoru yenidən fəaliyyətini dayandırıb. Funikulyor artıq bir həftəyə yaxındır ki, işləmir. Demək olar ki, hər il əsaslı təmirə dayandırılan bu dağüstü nəqliyyat vasitəsi hər təmir sonrası da problemlər yaşayır. Modern.az xəbər verir ki, bir neçə gündür ki, funikulyor texniki problemlər səbəbi ilə bağlanıb. Bu günlərdə funikulyorda gəzintiyə çıxmaq istəyənlər kor-peşman geri qayıdır.

Saytın əməkdaşı tam yenilənmiş şəkildə istifadəyə verilən Bakı Funikulyorunun hansı səbəbədən dayandığını öyrənmək üçün həmin ünvanda olub. Funikulyorun Bəhram Gurun heykəlinin yaxınlığında olan girişindəki qapının üzərindəki ağ lövhədə "texniki baxış" sözləri yazılıb. Mühafizə xidmətinin əməkdaşlarından öyrəndik ki, nəqliyyat vasitəsi bir neçə gündür texniki problemlər səbəbindən bağlanıb.

Bakı Funikulyorunun gözətçisi deyib ki, qurğu müəyyən texniki problemələr olduğundan istifadəsi bir müddətdir dayandırılıb. Onun sözlərinə görə, son təmirində istifadə olunan bütün detallar xarici ölkələrdən gətirilib. Ona görə də problemin aradan qaldırılması üçün xaricdən mütəxəssisin gəlməsini gözləyirlər. Onun sözlərinə görə, problem yaxın müddət ərzində aradan qaldırılacaq.

Xatırladaq ki, Bakı Funikulyoru 1960-ci il mayın 5-də istifadəyə verilib. 2 stansiyası var - Bəhram Gur heykəli və Şəhidlər Xiyabanı. Stansiyalar arası məsafə 455 metrdir. Bir stansiyadan digərinə 4 dəqiqəyə çatmaq olur. Vaqonlararası interval 10 dəqiqə, gediş haqqı isə 20 qəpikdir.

Qeyd edək ki, köhnə görünüşündən əsər-əlamət qalmayan Bakı Funikulyorunu İsveçrənin "Qaravelta" şirkəti təmir edib.

AzNews.az