Yunan-Roma güləşi üzrə milli komandamızda istefalar – EKSKLÜZİV

20 Oktyabr 2012 06:08 (UTC+04:00)


Yunan-Roma güləşçilərindən ibarət milli komandamızın məşqçilər heyətində istefalar baş verib. Etibarlı mənbədən AzNews.az-a daxil olan məlumata görə, Azərbaycan Güləş Federasiyası (AGF) türkiyəli mütəxəssislərlə işləməkdən imtina edib. Belə ki, AGF baş məşqçi Saleh Bora və onun köməkçisi Müttəlib Yerliqaya ilə vidalaşıb. Onlar xeyli vaxtdır Bakını tərk edərək, vətənlərinə yollanıblar.

Buna səbəb çox güman ki, Olimpiya seçməmizin London-2012-də çıxışının, federasiya rəhbərlərini qane etməməsidir. Dumanlı Albionda bu növdə 1 gümüş və 1 bürünc medal qazanan millimiz, bundan 4 il öncə, Pekin olimpiadasında 2 gümüş mükafata sahib çıxmışdı. Görünür, medal əyarının aşağı olması sözügedən mütəxəssislərin gedişini tezləşdirib.
Əldə etdiyimiz bilgiyə görə, türkiyəli məşqçilər korpusundan paytaxtda yalnız Şaban Donad qalıb. Onun taleyini necə olacağı hələ məlum deyil. Yayılan xəbərlərdə, Yunan-Roma güləşi üzrə millimizin başına yenə əcnəbi mütəxəssisin gətiriləcəyi söylənilir.

Qeyd edək ki, Saleh Bora baş məşqçi postunda ötən ilin payızında Fərid Mansurovu əvəzləmişdi. Olimpiya çempionumuzdan qabaq isə millimizə uzun müddət Elçin Cəfərovun başçılıq edib. Pəhləvanlarımız məhz onun dövründə tarixi uğurlara yetişmişdi.

Kamran Hacı
AzNews.az