Banklarda külli miqdarda məbləğ qorunmur

20 Oktyabr 2012 06:42 (UTC+04:00)
Əmanətlərin Sığortalanması Fondu 2012-ci ilin III rübünün nəticələrini açıqlayıb. AzNews.az-ın fonda istinadən verdiyi xəbərə görə, fiziki şəxslərin cəmi əmanətlərinin (4,4 mlrd. manat) 64%-ni (2,8 mlrd. manat) qorunan əmanətlər, 36%-ni (1,6 mlrd. manat) isə qorunmayan əmanətlər təşkil edib.

Üzv banklarda 2012-ci ilin III rübündə fiziki şəxslərin ümumi əmanətləri 122 mln. manat (2,8%), qorunan əmanətlər 195 mln.manat (6,2%) artdığı halda, qorunmayan əmanətlər isə 45 mln. manat (2,7%) azalıb. Nəticədə qorunan əmanətlərin artım tempi ümumi əmanətlərin artım tempindən daha yüksək olub. Üçüncü rübdə cəlb edilən əmanətlərin əsasən qorunan əmanətlərdə yerləşdirilməsi ilə yanaşı, banklarda mövcud olan qorunmayan əmanətlərin də bir qisminin tədricən qorunan əmanətlərə keçirilməsi müşahidə edilib.

Üzv banklar tərəfindən 6 362 090 əmanətçıyə xidmət göstərilir ki, onlardan da 6 006 273 nəfəri (94 faizi) Qorunan əmanətçidir. Kompensasiya olunan əmanətlər ötən rüblə müqayisədə 61,3 mln.manat (4,6%) artaraq 1 404 mln. manat olub. Qorunan əmanətlərin 56%-i manatda, 39 %-i ABŞ dollarında və 5%-i isə avroda yerləşdirilib.

Qeyd edək ki, fondun vəsaitlərinin 23,9 mln. manat məbləğində olan hissəsi dövlət qiymətli kağızlarında yerləşdirilib. İllik gəlirliliyi orta hesabla 4% təşkil edib. Fondun 5,0 mln. avro vəsaiti "Deutsche Asset Management International" şirkətinin idərəetməsinə verilib.


AzNews.az