Bakıya gələn Ümid Sayın Tarkanın sirlərini açıqladı – MÜSAHİBƏ, FOTOSESSİYA

20 Oktyabr 2012 08:22 (UTC+04:00)
Dünən axşam saatlarında müğənni Zarina Məmmədovanın dəvətiylə Bakıya gələn Türkiyənin tanınmış müğənnisi və bəstəkarı Ümid Sayın Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərin suallarını cavablandırıb. AzNews.az hər iki müğənninin həm müsahibəsini, həm də şəkillərini təqdim edir.

- Bakıya xoş gəlmisiniz! Təəssüratlarınızı bölüşməyi istərdik...

- Azərbaycana ilk dəfədir gəlirəm. Çox sevinirəm ki, buradayam. Qardaş ölkə üçün çox darıxmışdıq. Zarinanın vasitəsiylə Bakıya gəldim. İnşallah, Zarinanın albom və klip təqdimatında bərabər olacağıq. Bakıda olduğum müddət ərzində şəhəri gəzəcəyəm. Bakıda 5 gün qalacağıq. Oktyabrın 23-də də albomun və klipin təqdimatıyla bağlı tədbirimiz olacaq.

- Sizi daha çox Tarkan və İzelin repertuarında yer alan mahnılarının müəllifi kimi tanıyarlar...

- 1992-ci ildən bu günə qədər bəstəkarlıq fəaliyyətiylə məşğulam. Mahnılarımı oxumayan müğənni qalmayıb. Zarina ilə ifa etdiyimiz "Kader utansın" mahnısını ilk dəfə 15 il əvvəl Aşkın Nur Yengi oxuyub. Zarinaya mahnının vokal hissələrini oxumaqda kömək etmişəm. Zarina mahnını Aşkın Nur Yengidən heç də pis oxumayıb. Onun ifası çox xoşuma gəldi. Mən də sevinirəm.

Tarkan hazırda yeni musiqi albomunu hazırlayır. Həmin albomda mənim 3-4 mahnılarım da yer alıb. Tarkanın ikinci, 2 milyon yarım satılan albomunda yer alan "Dön bebeyim", "Gitme", "Bekle" mahnılarının sözləri mənə məxsusdur. O vaxtdan bu günə qədər Tarkanla işbirliyimizin alınmayıb. Amma bu il yeni mahnılarım var ki, Tarkanın ifasında eşidəcəksiniz. Bunu da heç yerdə deməmişəm, məhz sizə açıqladım.

Bundan başqa, Fərhad Göçərin son albomunda "Affetmedim seni" adlı mahnım yer alıb. Murad Bozla da işbirliyimiz var.

- Türkiyədə paparazzilərin diqqətini çəkmirsiniz. Buna səbəb nədir?

- Şou-biznesdən uzaq olmağa çalışmışam. Əsasən yaratdığım əsərlərə güvənirəm. Onlar sağlam olunca, sizin də həmin sənətçiyə ehtiyatla yanaşmağınız hiss olunur. Təbii ki, hər zaman bizim mətbuata ehtiyacımız olub, amma illərdi ki, şou-biznesə maraq göstərmirəm. Bir qadınla ömür keçirməyi xəyal edən insanam. Sevgi anlayışım var. Türkiyədə uzun illərdən bəri çalışmağımın məqsədi əsərlər yaratmaqdır və bundan sonra da mahnılar yazacağam.

- Zarina Türkiyədə tanınırmı?

- Bildiyim qədər Zarinanın bütün satış məntəqələrində albomları var. Bu, diqqəti çəkən maqamdır. Bazarda olmaq önəmlidir. Amma necə olmağın daha önəmlidir. Keyfiyyətli və sanballı olmağın əsasdır. Zarinanın peşəkarlarla çalışması adına müsbət təsir edir.

Zarina Məmmədova:

- Zarina, niyə məhz Ümid Sayını seçdiniz?

- Çünki Ümid Sayın çox məşhur bir isimdir. Mən özümü çox xoşbəxt hiss edirəm ki, Ümid bəylə işbirliyim alınıb. O, illərin sənətçisidir. Əsas odur ki, əsl musiqidən başı çıxan şəxsdir. Özü qeyd etdiyi kimi, Türkiyədə hazırlanan "Dəlilik" albomumda mənə dəstək olub və vokal dərslərini də ondan öyrənmişəm. İlk duetimiz alınıb. Amma bilmək olmaz, bəlkə, növbəti duetimiz də olacaq? (gülür) Əvvəlcədən bir söz demək düzgün olmaz. Klipin təqdimat mərasimi olacaq və dinləyicilərin mahnını nə dərəcədə bəyənəcəyini zaman göstərəcək. Hazırda mahnı radio dalğalarında yayımlanır. Qısa müddət ərzində mahnı geniş yayımlanmaqda davam edir. Bu da sevindirici haldır.

Çox fəxr edirəm ki, Ümid bəy xüsusi qonağımdır və Azərbaycanda olduğu müddətdə şəhərimizi gəzdirəcəyəm. imkan olsa, rayonlarımızın birinə də səfər edək. Ümid edirəm ki, Ümid bəy Azərbaycanda olduğunu peşman olmayacaq.

Fuad Mədətov
AzNews.az