“Əgər səviyyəli komanda olsaydılar, bizə çox qol vurardılar”

20 Oktyabr 2012 09:10 (UTC+04:00)


Millinin və "Neftçi" klubunun müdafiəçisi Mahir Şükürovun AzNews.az –a müsahibəsi:

-"Neftçi" növbəti turda "Kəpəz"i qəbul etdi. Qarşılaşma sizin üçün çətin keçmədi ki?

-Bilirdik ki, Gəncə komandasının baş məşqçisi dəyişib deyə, komandada taktika baxımından istər-istəməz dəyişiklik olacaq. Ciddi yanaşırdıq bu oyuna. Düzdür, birinci hissədə gözləmədiyimiz qol buraxdıq. Ancaq buna baxmayaraq, toparlandıq və komanda şəklində mübarizə apardıq. Söz yox ki, biz bu oyunumuzla bir daha göstərdik ki, "Neftçi" yenə də "Neftçi"dir.

-Qarşıdan "Neftçi"nin Avroliqadakı "Rubin"lə oyun gəlir. Oyuna necə hazırlaşırsız?

- "Rubin"lə oyuna kifayət qədər vaxtımız var. İnşallah yaxşı hesabla da vətənə qayıtmaq istəyirik.

-Millinin DÇ-2014 –ün seçmə mərhələsi çərçivəsində keçirdiyi sonuncu oyun olan – Rusiya görüşü ilə bağlı nə deyə bilərsiz?

-Özünüzdə gördünüz ki, birinci hissədən hakim başladı sarı kart göstərməyə ki, uşaqlar biraz çəkinsinlər. Birinci hissədə rusların qol epizodları oldu, amma onlar ondan istifadə edə bilmədilər. İkinci hissədə elə də güclü təsir bağışlamadlılar. Çox adam deyir penalti var, çox adam deyir yoxdur. Ancaq mənə elə gəlir ki, penalti yox idi. Hakim penalti verməsəydi, hesab heç-heçə bitəcəkdi. Rusiya ilə matçda ən ədalətli hesab 0:0 idi.

-Rusiya millisinin müdafiəçisi Andrey Yeşenko belə bir ifadə bildirmişdi ki, "Azərbaycanla oyunda xal itirmək səviyyəsizlik olardı"...

- Onlar iki il əvvəl bizimlə heç-heçə oynamışdılar, onda belə çıxır ki, onlar elə o vaxtdan səviyyəsizdilər. Amma onu da unutmasınlar ki, evdə onlarla oyunumuz var. Əgər səviyyəli komanda olsaydılar, çox qol vurardılar. Amma onun öhdəsindən gələ bilmədilər.

-İlk 20 dəqiqədə komandamız yaxşı təsir bağışladı. Ancaq sonra alınmadı. Hücum heç qura bilmirdik. Bu nə ilə bağlı idi?

-Alınmırsa, demək hücumçumuz yoxdur ki, alınmırdı da. Hücumçumuz olsa alınar. İstər-istəməz qabaq mövqedə oyun olmayanda, yük düşür üstümüzə, bizdə də səhvlər olacaq da.

- Kapitan Rəşad Sadıqovun oyunda yeri görsənirdi?

- Onun yoxluğunda hücuma meyilli futolçu Ruslan Abışov oynayırdı. İstər-istəməz Ruslanın oynamadığı mövqe idi, oyunu alınmaya bilərdi. Əvəz olunmayan futbolçu yoxdur. Tutaq ki, mən olmasam, mənim yerimdə başqa bir futbolçu oynayacaq, heç yada da düşməyəcəm. Amma Ruslan da pis oynamadı. 84 dəqiqə komanda qol buraxmayıbsa, buraxılan qol da penalti ilə olubsa, demək komanda normal oyun oynayıb.

Rüfət Azəri
AzNews.az