Azərbaycanlı aktrisa İran rejiminin qəzəbinə tuş gəldi

20 Oktyabr 2012 15:00 (UTC+04:00)


İran kinosunun tanınmış simalarından biri, çəkildiyi filmlərlə məşhur olan Laden Tebatebai adlı əslən azərbaycanlı olan aktrisa sənəti ilə vidalaşmalı olub.
Təbrizdə dünyaya gələn aktrisa bu ilin sentyabrında Şərqi Azərbaycan vilayətində baş verən zəlzələdə fəlakətlə üzləşən azərbaycanlılara yardım etdiyi üçün İran rejiminin qəzəbi ilə üzləşib.

Dövləti zəlzələ bölgəsinə tələb edilən qədər yardım etməməkdə günahlandıran aktrisaya qarşı bu çıxışından sonra dövlətin münasibəti dəyişib. Xanım Təbatəbainin daha bir "səhvi" isə telekanallardan birində yayımlanan yemək proqramı olan "Shame İrani" adli proqramda Azərbaycan türkcəsində danışması olub.

Bu proqramda aktrisa proqramın milliyətcə azərbaycanlı olan aparıcısına ana dilimizdə "Sən necə türksən ki, türkcə danışmağı bacarmırsan?" (İran azərbaycanlıları özlərini "türk", dilimizi isə "türk dili" adlandırırlar- A) deyə irad tutub.

Bu sözlər İran təhlükəsizlik orqanı olan ETTELAAT-ın xoşuna gəlməyib və aktrisaya qarşı çıxışlar başlayıb.

Bunların qarşılığında aktrisa sənəti ilə vidalaşdığını və İran kinomatoqrafiyası üçün çalışmayacağını bildirib.

Alpər
AzNews.az