Yeniyetmə və gənc güləşçilər mükafatlandırıldı

20 Oktyabr 2012 15:40 (UTC+04:00)

Bu gün "Sərhədçi" Olimpiya İdman Mərkəzində ölkəmizi Avropa və Dünya çempionatlarında uğurla təmsil etmiş yeniyetmə və gənc güləşçilərin mükafatlandırılma mərasimi keçirilib.

Aznews.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının baş katibi, olimpiya dərəcəli hakim Əjdər Cəfərov tədbirdə çıxış edərək, yeniyetmə və gənc güləşçilərimizin bu il Avropa və dünya çempionatlarında uğurlu nəticələrindən dolayı idmançıları, onların valideynlərini və məşqçilərini təbrik edib: "Bu gün mükafatçılar sırasına düşən yeniyetmə və gənclərimiz 2016-cı il Olimpiya Oyunlarında yığma komandanın əsas heyətində yer alacaqlar. Bunun üçün onlar daha da, əzmlə, səylə çalışmalı, nizam-intizamlı olmalı, məşqçilərin tapşırıqlarına əməl etməli, həm Federasiya rəhbərliyinin, həm də valideynlərinin ümidlərini doğrultmalıdırlar".

Valideynlər adından çıxış edən SSRİ idman ustası Elşad Quliyev isə mükafat qazanan idmançıları təbrik edərək Azərbaycan Güləş Federasiyasının həm paytaxtda, həm də bölgələrdəki fəaliyyətini yüksək dəyərləndirdi: "Federasiya tərəfindən bölgələrdə yeni güləş zallarının açılması yeni güləşçi nəslinin yetişməsinə imkan verir".

Daha sonra güləşçilərimiz mükafatlandırılıblar. Mükafatlar, Azərbaycan Güləş Federasiyasının vitse-prezidentləri Elçin Cəfərov, Cavanşir Qurbanov və olimpiya çempionu Fərid Mansurov tərəfindən təqdim edilib.

Xatırladaq ki, Taylandın Pattaya şəhərində keçirilən Gənclərin Dünya Çempionatını güləşçilərimiz 3 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub.

Polşanın Katovitse şəhərində keçirilən yeniyetmələrin Avropa çempionatında yığmamız, 3 qızıl, 9 gümüş, 6 bürünc olmaqla 18 medal qazanıb.

Bakıda keçirilən Dünya çempionatında isə 19 medal – 9 qızıl, 5 gümüş və 5 bürünc qazanan idmançılarımız, güləş tarixində yeni səhifə açıblar.

AzNews.az