«Qarabağ» – «Bakı» matçında hakim döyüldü
20 Oktyabr 2012 17:27 (UTC+04:00)
Topaz Premyer Liqasının IX turu da qalmaqalsız ötüşmədi. Belə ki, bu gün keçirilmiş "Qarabağ" – "Bakı" matçından sonra baş hakim Əliyar Ağayev fiziki təzyiqə məruz qaldı. Hadisəyə səbəb, referinin 2-ci hissəsində qonaqların qapısına təyin etdiyi şübhəli penalti qərarı oldu.
78-ci dəqiqədə Almeydanın 11-metrlik cərimə zərbəsindən vurduğu qol Ağdam klubunu məğlubiyyətdən xilas etdi. Hesab 1:1 olaraq nəticələndi.
AzNews.az Tofiq Bəhramov adına Respublika stadionundan xəbər verir ki, vəziyyətlə barışmayan "Bakı" tərəfdarları baş arenanın daxilində gərginlik yaratdılar. Belə ki, kimliyini bildirmək istəməyən "Qarabağ" əməkdaşlarından biri, gənc hakimə zərbə vurublduğunu dedi. İnsident ani olduğundan polis və Peşəkar Futbol Liqasının (PFL) mühafizəçiləri hadisəyə vaxtında müdaxilə edə bilmədilər.
PFL-in mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev AzNews.az-a bildirib ki, Əliyar Ağayev, insidentlə bağlı Nərimanov rayonu polisinə yazılı şikayət edəcək: "Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev hadisə ilə bağlı müvafiq şöbəni məlumatlandırıb. O, hakimlərin yanında olduğu və tezliklə ədalətin bərqərar olacağına inandığını söyləyib".
Araşdırma nəticəsində bəlli oldu ki, hakim, yüngül xəsarət alıb. Lakin hər bir halda qanun pozuntusu baş verib. Gərginliyi yaradan şəxsin görüntüsü, stadionun videokameralarına düşüb.
Baş arenada olarkən, polis əməkdaşları mühafizə otağında hadisənin video-görüntüsünə baxıb təhlil etdiklərinə diqqət yetirdik.
Qeyd edək ki, bu, ölkə çempionatında ilk qalmaqal deyil. III turda "Xəzər Lənkəran" - "İnter" görüşünün final fiti səslənən kimi, qonaq futbolçular Baçana Sxadadze və İliya Kandelaki ilə "Xəzər Lənkəran"ın oyunçuları Elnur Allahverdiyev, Branimir Subaşiç və Sadio Tunkara arasında dava düşmüşdü.
Ehtimala görə, qalmaqala səbəb, Kandelakinin matçın sonlarında Tunkaranın ünvanına irqçi söyüşlərlə təhqir etməsi olub.
Kamran Hacı
AzNews.az