Optimistlər

20 Oktyabr 2012 18:44 (UTC+04:00)


Azərbaycanda hamı optimistdir. Bu, təbiidir. Çünki çoxluq, kütlə, xalq həmişə "Allah kərimdir", düşünüb. Mütiliyin və məşəqqətli həyatın onun varlığının tərkib hissəsi olduğuna inanan və bu cür yaşamaqdan ağrı duymayan, hər cür şəraitdə və hər cür şəkildə yaşamağı firavanlıq və xoşbəxt həyat üçün mübarizə aparmaqdan məqbul sayan xalq, ümumiyyətlə, pessimizmin nə olduğunu bilmir.

Azlıq yəni, ziyalı, qələm və elm əhli olanlar da optimistdirlər. Ona görə ki, onlar da öz əcdadları kimi sürünməyi yaşamağın mümkün növü kimi qəbul edib dözür və qapılarını haçansa firavanlığın döyəcəyinə ümid edirlər...

Pessimizm dünya miqyasında tənhaların, hansı bir qüdrətli impuls sayəsindəsə öz böyük, amma ətraf üçün faydasız və gərəksiz olan işlərini görə-görə çiçəklənənlərin nəsibidir. Və genetik kodları ilə kütləvi şəkildə nikbin olan bu millət, özünün, övladlarının, gələcək nəslin firavan yaşayışı, xoşbəxt həyatı, xoş gələcəyi naminə bir addım belə atmayıb, daşı daşın üstünə qoymaq istəməyib və daim gözləyib ki, firavanlığı kimsə gətirib onların qapısının ağzına qoyacaq. Çünki əksəriyyət optimistdir. Təəccüblü olan budur ki, bu optimistlər minilliklərdir ki, oturub, həsrətlə firavanlığın yolunu gözləyirlər. Amma hələ də başa düşə bilmirlər ki, firavanlıq adlanan şey öz - özünə əmələ gəlmir, yaranmır. Firavanlığı düşünüb-daşınaraq qurmaq, yaratmaq lazımdır. Bu isə hər xalqın, hər millətin işi deyil, hər xalqa, hər millətə də nəsib olmur...