21nəfərdə QİÇS virusu tapıldı - 4-ü ailəli imiş

1 Sentyabr 2015 13:52 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə məlumatı movqe.az-a Respublika QİCS-lə Mübarizə Mərkəzinin Epidemioloji Nəzarət və Profilaktika şöbəsinin müdiri Afət Nəzərli verib.

A. Nəzərli bildirib ki, həmin şəxslərdən birinin virusu öz həyat yoldaşına keçirdiyi üzə çıxıb:

""Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə Qaydası"na uyğun olaraq tibbi müayinə üçün müraciət edən 33 815 nəfərdən 21-də QİÇS müayinəsinin müsbət çıxdığına dair bizim Mərkəzə məlumat daxil olub. Dərhal həmin şəxslərlə telefon əlaqəsi yaradılaraq onlar təkrar müayinəyə cəlb ediliblər. 21 nəfərdən ikisinin məlumatı QİÇS-lə Mübarizə Mərkəzinə yeni gəldiyindən onlar təkrar müayinədən hələki keçməyiblər. Yerdə qalanlarda isə bu xəstəliyin olduğu təsdiqlənib. Qeyd edim ki, onlardan 4-nün qeyri-rəsmi ailəli olduğu üzə çıxıb. Məlum olub ki, üç uşağı olan ailədə həm qadın, həm də kişi QİÇS virusunun daşıyıcısıdır. Onlar bu barədə nikaha görə tibbi müayinədən keçənə qədər xəbərsiz olublar. Uşaqların məktəblə bağlı sənədlərinin hazırlanması zamanı yaşadıqları problemlə bağlı nikahlarını rəsmiləşdirməyə qərar verən ailə başçılarında QİÇS-ə yoluxmanın cinsi yolla baş verdiyi məlum olub. Digər üç ailədə isə QİÇS virusuna yoluxanlardan ikisi kişi, biri qadındır. Ümumilikdə iki qadında bu virus nikaha görə müayinə zamanı üzə çıxıb.Onlardan biri Rusiya vətəndaşıdır, azərbaycanlı oğlanla qeyri-rəsmi münasibətdə olsa da rəsmi nikaha daxil olmaq barədə qərar veriblər. Ümumiyyətlə QİÇS aşkarlanan 21 nəfər arasında bu xəstəliyə Rusiyada yaşayarkən, işləyərkən yoluxanlar da var".

A. Nəzərli bildirib ki, QİÇS virusuna yoluxduğu nikaha görə tibbi müayinə zamanı bəlli olanlardan ən böyüyü 1964, ən kiçikləri isə 1982-1988-ci il təvəllüdlüdürlər. A. Nəzərli ümumiyyətlə QİÇS-ə yoluxmanın əsasən inyeksiya yolu ilə baş verdiyini söylədi. Onun sözlərinə görə, bununla belə cinsi yolla yoluxma halları da var. Bunun səbəbini isə Mərkəz səlahiyyətlisi gənclərin cinsi əlaqə zamanı qoruyucu vasitələrdən (prezervativ) istifadə etməməsi ilə bağlı olduğunu söylədi:

"Çox təəssüf ki, cinsi əlaqə zamanı gənclər bu təhlükəni gözə almır, qoruyuculardan istifadə etmək istəmirlər. Bununla da bəzən ən təhlükəli xəstəliyə yoluxma riski ilə üz-üzə qlaırlar. Biz tövsiyyə edərdik ki, gənclər cinsi əlaqə zamanı qeyri-rəsmi cinsi münasibətlərdə prezervativlərdən istifadə etsinlər. Biz bunu inyeksiya yolu ilə QİÇS-ə yoluxanlara da tövsiyyə edirik. Çünki onlar inyeksiya yolu ilə bu virusa yoluxanda, bu təhlükəli xəstəliyi öz cinsi partnyorlarına da yoluxdura bilirlər. Ona görə də, ən azından cinsi partnyorlarını bu xəstəlikdən qorumaq üçün cinsi əlaqə zamanı qoruyuculardan yararlanmalıdırlar".

Qeyd edək ki, Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva özəl olaraq Movqe.az-a açıqlamasında bildirib ki, tibbi müayinə zamanı 20 nəfərdə QİÇS virusunun aşkarlandığını söyləmişdi. Z. Əlimirzəyeva bildirib ki, onların hər birinə fərdi şəkildə bu xəstəliyin aşkarlandığı barədə məlumat verilib. İnstitutun direktoru deyib ki, onların hər biri gəncdir. Həmin gənclər haqqında məlumat SPİD Mərkəzinə göndərilib.

Qeyd edək ki, "Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında" qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktları təsdiq ilə əlaqədar, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçməlidirlər. Nazirlər Kabineti tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydaları təsdiqlənib, tibbi müayinə olunmalı xəstəliklərin siyahısı müəyyənləşdirilib. Bu məqsədlə səhiyyə müəssisələrində zəruri şərait yaradılıb.

Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət tibb müəssisəsində həyata keçirilir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.