Sabiq deputatlardan kimlər namizəd olacaq? – Anar, Əliməmməd Nuriyev, Pənah Hüseyn...

1 Sentyabr 2015 15:05 (UTC+04:00)

AzNews.az əvvəllər deputat olmuş, sonradan isə Milli Məclisə düşə bilməyən, yaxud namizədliyini verməyən şəxslər arasında sorğu keçirib. Onlardan kimlərin yenidən namizədlik verəcəyini araşdırıb.

Əvvəlcə partiyaların açıqladığı siyahıda adları olan keçmiş millət vəkillərindən kimlərin olduğuna nəzər salaq.

Arzu Səmədbəyli, Arif Hacılı, İsa Qəmbər, İkram İsrafil yenidən Müsavat partiyasından namizədliyini irəli sürüb.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri və keçmiş millət vəkili Mirmahmud Mirəlioğlu da mandat almaq istəyənlərdəndir.

2000-2005-ci illərdə millət vəkili olmuş keçmiş AMİP-çi Hidayət Qulamov da bu il deputat olmaq istəyir: "Bu ilki seçkilərdə 87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsindən Ümid Partiyasının namizədi olacağam".

Milli Məclisə IV çağırışda millət vəkili seçilən, sonradan mandatı əlindən alınan və həbs edilən Gülər Əhmədova isə seçkilərə qatılmaq istəmir: "Mənim bundan sonra heç bir seçkidə iştirak etmək niyyətim yoxdur".

2000-2005-ci il tarixlərində deputat olmuş "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev də bu ilki seçkilərdə iştirak edəcək: "İşlərə hələ yenicə start verilib. Çox güman ki, namizədliyimi Masallı rayonundan verəcəyəm. Mən seçkilərə qatıldığım vaxtlarda həmişə uğur qazanmışam. Ona görə ümid edirəm ki, seçicilər hər halda etimad göstərərlər. Ümumiyyətlə qələbəyə etimad yoxdursa, namizdəliyini irəli sürməyin də adı yoxdur. Seçiləcəyimi düşünürəm".

Xalq Partiyasının sədri Pənah Hüseyn bu il yenidən Sabirabaddan namizədliyini irəli sürəcək: "Sabirabad rayon 62-ci Seçki Dairəsindən namizədliyimi irəli sürəcəyəm".

Yazıçı Anar da yenidən deputat olmaq istəməyənlərdəndir.

Bir vaxtlar deputat kreslosunda əyləşmiş Xalq artisti Şəfiqə Məmmədova isə siyasətdən uzaqlaşdığını deyir: "Mən artıq o aləmdən uzağam. Ona görə də namizədliyimi irəli sürmək haqda düşünmürəm".

Nigar ETİBAR