Kürdəmiş və Türkmən kəndləri təbii qazla təchiz olunub

21 Oktyabr 2012 05:27 (UTC+04:00)
Göyçay rayonunun Kürdəmiş və Türkmən kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib. ARDNŞ-nin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, bu münasibətlə keçirilmiş tədbirdə "Azəriqaz" İB-nin və rayon rəhbərliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Birliyin baş direktorunun müavini Qağaməli Seyfullayev bildirib ki, ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi respublikanın qaz təsərrüfatının yaxşılaşdırılması, əhalinin "mavi yanacaq"la itkisiz və keyfiyyətli təminatı istiqamətində uğurla fəaliyyət göstərir.

Göyçay rayonunun Kürdəmiş və Türkmən kəndlərinin təbii qazla təchiz edilməsi üçün ümumi uzunluğu 12995 metr olan müxtəlif diametrli polietilen və polad borulardan istifadə edilib. Təbii qaz mənbəyi kimi həmin ərazidən keçən 200 mm-lik yeraltı polietilen qaz xəttinin götürülməsi nəzərdə tutulub.

Birləşmə nöqtəsindən Kürdəmiş kəndinə 9800 metr uzunluğunda daşıyıcı qaz kəmərləri çəkilib. Kənd ərazisi 5473 metr metr uzunluğunda dairəvi polietilen boru ilə əhatə edilib.

Yardımçı küçələrə ümumilikdə 912 metr uzunluğunda 110 mm-lik polietilen boru, dalanlara isə 60 metr uzunluğunda 63 mm-lik polietilen borular çəkilib.

Hər bir evin qarşısına ümumi uzunluğu 2555 metr olan 32 mm-lik polad borularla çıxışlar verilib. Çıxışlara sayğaclar quraşdırılmış və dövlət proqramına əsasən, sayğaclardan evlərin mətbəxinə kimi Birliyin hesabına qaz xətləri çəkilib.

Kürdəmiş kəndində 283, Türkmən kəndində isə 65 ədəd qaz sayğacı quraşdırııb.

AzNews.az