Beyləqandakı qətllə bağlı cinayət işi açıldı

22 Oktyabr 2012 04:20 (UTC+04:00)
Beyləqan rayonunda qanunsuz ov edənlərin Ovçular Cəmiyyətinin Beyləqan rayon şöbəsinin rəisini qətlə yetirməsinə Beyləqan Rayon Prokurorluğundan münasibət bildirilib.

Rayon prokurorluğundan APA-nın Qarabağ bürosuna verilən məlumata görə, oktyabrın 21-də, gecə saat 00:30 radələrində Beyləqan rayon sakini Süleymanov Allahyar Əli oğlu, rayonun Dünyamalılar kənd sakini Alxanov Ruslan Əkbər oğlu və Eyvazalılar kənd sakini Cəfərov Əbülfət Nəsib oğlu müxtəlif dərəcəli xəsarətlərlə Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırlıblar.

Rayon prokurorluğunun böyük müstəntiqi Bilal Məmmədovun sözlərinə görə, aparılan ilkin araşdırma zamanı müəyyən olunub ki, 20 oktyabrda saat 23.00 radələrində Beyləqan şəhər sakini Mahmudov Ruhi Mirzə oğlunun idarə etdiyi "Niva" markalı minik maşınında olan Beyləqan şəhər sakinləri Əliyev Mahir Allahverdi oğlu, Hüseynov Mahir Əvəz oğlu, Əsədov Vasif Fərzi oğlu, Muradxanov Vaqif Qənimət oğlu rayonun Yeni Mil qəsəbəsi yaxınlığında ov ediblər. Onlar ov edərkən, Ovçular Cəmiyyətinin Beyləqan rayon şöbəsinin sədri Allahyar Süleymanov həmin şəxslərə qanunsuz ov etdiklərini bildirib və mübahisə edib. O, ov silahlarını təhvil vermələrini tələb edib: "Allahyar Süleymanov özü maşından ov tüfəngini götürmək istəyib.

Maşında olanlar silahı vermək istəməyib və mübahisə edərək, silahı özlərinə tərəf çəkiblər. Bu zaman silahdan açılan atəşlə A. Süleymanov, həmçinin yaxınlıqdakı R. Alxanov və Ə. Cəfərov müxtəlif dərəcəli bədən xəsarəti alıblar. Allahyar Süleymanov aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü maddəsi ilə (ehtiyatsızlıqdan adam öldürmə) cinayət işi açılıb.

AzNews.az