Mehriban Əliyeva Fransua Olland ilə görüşdü - FOTOLAR

4 Sentyabr 2015 08:51 (UTC+04:00)

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə olunub. Fransa prezidenti Fransua

Olland Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Parisdə təşkil olunan mədəniyyət tədbirlərində iştirakına görə minnətdarlıq edib. Ölkələrimiz arasında münasibətlərin böyük potensialının olduğunu deyən Fransua Olland Fransa ilə Azərbaycanın iqtisadiyyat, enerji, informasiya - kommunikasiya texnologiyaları, kosmik sənaye, kənd təsərrüfatı və digər sahələrdə uğurlu əlaqələr qurduğunu vurğulayıb. Fransanın Azərbaycan ilə əlaqələri genişləndirməkdə maraqlı olduğunu qeyd edən Fransua Olland ikitərəfli münasibətlərin gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini bildirib.

Birinci xanım Mehriban Əliyeva Azərbaycan-Fransa əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsində olduğunu, münasibətlərin dərinləşdirilməsinin ölkəmizin xarici siyasətində mühüm istiqamət təşkil etdiyini vurğulayıb. Son illərdə Azərbaycanın Fransada daha yaxşı tanıdılması üçün bir çox layihələrin həyata keçirildiyini deyən Mehriban Əliyeva sentyabrın 3-də Parisdə reallaşan Azərbaycan şəhərciyinin açılış mərasiminin də bu silsilədən olduğunu bildirib. Mehriban Əliyeva qeyd edib ki, bu cür mədəniyyət layihələri artıq Fransanın 25-ə yaxın regionunda da baş tutub, Azərbaycanın və Fransanın 10-dan şəhəri dostluq və qardaşlıq əlaqələri qurub. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın roluna toxunan Mehriban Əliyeva ümidvar olduğunu bildirib ki, Fransa bu münaqişənin ölkəmizin ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həlli ilə bağlı mövqeyini davam etdirəcək.

Prezident Fransua Olland Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınmasında ölkəsinin mövqeyini ifadə edərək, Fransanın bu münaqişənin həllində maraqlı olduğunu vurğulayıb.