Nazirlik imtahanlara start verdi

22 Oktyabr 2012 05:04 (UTC+04:00)
Təhsil Nazirliyi sistemi üzrə doktorantura və dissertanturaya qəbul imtahanları başlayıb. Təhsil Nazirliyindən AzNews.az-a verilən məlumata görə, doktorantura və dissertanturaya qəbul imtahanları oktyabrın 22-dən noyabrın 21-dək keçiriləcək.

Ümumilikdə doktorantura və dissertantura üzrə qəbul imtahanlarının nəticələri dekabrın 15-dək bilinəcək. Qeyd edək ki, bu il Təhsil Nazirliyi sistemində fəlsəfə doktoru proqramı üzrə doktoranturaya büdcə hesabına 325, ödənişli əsaslarla 77 yer ayrılıb.

Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya büdcə hesabına ayrılan yerlərin sayı 288, ödənişli əsaslarla olan yerlərin sayı isə 89-dur.
Elmlər doktoru proqramı üzrə doktoranturaya 85 yer ayrılıb.

Onlardan 82 yer büdcə hesabına, 3 yer isə ödənişlidir. Dissertanturaya elmlər doktoru proqramı üzrə ayrılan yerlərin sayı 89-dur. Onlardan 80 yer büdcə hesabına, 9 yer isə ödənişli əsaslarladır.

AzNews.az