Zəlzələ zamanı nə etməli? - Günün sualı

4 Sentyabr 2015 12:38 (UTC+04:00)
AzNews.az məsələnin aktuallığını nəzərə alaraq zəlzələ nədir və zəlzələ baş verərkən nə etməli sualları ilə bağlı kiçik bir yazı təqdim edir:

Zəlzələ – yer qabığında və yaxud mantiyanın üst hissəsində qəfil baş verən yerdəyişmələr və qırılmalar nəticəsində yaranan və elastiki elastiki seysmik (yunan dilində seysmos-zəlzələ deməkdir) dalğalar şəklində uzaq məsafələrə ötürülən yer titrəməsi və ya yeraltı təkanlardır.

Zəlzələ baş verərkən nə etməli?


Məskunlaşma massivinə ən yaxın xəstəxana, aptek, xilasetmə, polis, təcili yardım məntəqələri ailə üzvləri tərəfindən əvvəlcədən bilinməlidir.

Zəlzələ zamanı ailədə yaşlılara, xəstələrə və uşaqlara necə kömək ediləcəyi planlaşdırılmalıdır. Hər bir ailədə təcili yardıma ehtiyac olduğu zaman lazım olan ilkin vasitələrin olduğu yardim çantası və dərman qutusu hazırlanmalı, gözə görünən bir yerdə hazır bir şəkildə saxlanılmalıdır.

Fərdi təcili yardim çantasında yığılan vasitələr:

- daşına biləcək batareyalı radio və ehtiyat batareyalar;

- əl fənəri və ehtiyat batareyalar; fit;

- dərman qutusu;

- ərzaq ehtiyatı (quru yeməklər, içməli su, biskvit, konservlər, qurudulmuş meyvə, meyvə suları və s.);

- dəsmal; tualet kağızı (təmizlik vasitəsi kimi);

- pul; telefon kartı və jetonu;

- ədyal; əlcək, geyəcək, ayaqqabı;

Təcili yardım çantasında yığılan vasitələr hər 6 ayda bir yoxlanılmalı, qida maddələri və dərmanlar yenilənməlidir.

Dərman qutusunda hər bir ailənin ehtiyaclarını qarşılaya biləcək vasitələr olmalıdır. İstifadə edilən hər vasitələrin yerinə yenisi mütləq alınıb qoyulmalıdır. Son istifadə tarixi keçmiş vasitə və dərmanlar atılmalıdır. Dərman çantasının üzərinə "İçindəkilər" yazılıb yapışdırılmalıdır.

Resept ilə istifadə edilən dərmanlar və ailə üzvləri ilə əlaqədar lazımi tibbi məlumatlar zəlzələdən və yanğından mühafizə olunmalı, su keçirməyən bir torbanın içində soyuducuda saxlanılmalıdır.

Lazım ola biləcək dərmanlar və digər vasitələr:

- antiseptik; antibiotikli məlhəm;steril bez, sarğı bezi;elastik bandaj; yara binti;

- ağrıkəsici; vitamin həbləri; müntəzəm istifadə edilən reseptli dərmanlar;

- ilk yardım haqqında kitab; termometr; sabun; lazım olarsa uşaq bezi;

- maqqaş; şprisli iynə; dəsmal və ehtiyac olarsa digər vasitələr.

Zəlzələ baş verdikdən sonra yemək və su ilə əlaqədar çətinliklər yarana bilər. Onun üçün evlərdə daim normal ehtiyacdan çox - ən az 3 günlük -ərzaq və su ehtiyatı olmalıdır:

- quru qidalar;konservləşmiş ət-balıq, konservləşmiş tərəvəzlər;

- meyvə suları; hazır suplar;

- şəkər; biskvitlər; quru üzüm-əncir;

- quru paxla; düyü;

- bişirilməsinə ehtiyac olmayan hazır qidalar.

Bu qidalar hər an istifadəyə hazır və təzə olmalı, möhkəm bir qutuda, qoxulu və zəhərli ola biləcək maddələrdən uzaq yerlərdə saxlanmalıdır.

Digər təmizlik ehtiyaclarını qarşılamaq üçün evlərdə, iş yerlərində və avtomobillərdə diş fırçası, diş pastası, sabun, şampun, dezodarantlar və s. saxlanılmalıdır.

Ailəyə dair əhəmiyyətli sənədlər ilə məlumatlar yazılaraq saxlanmalıdır. Zəlzələ zamanı, ailələr üçün həyati əhəmiyyət daşıyan bir sıra sənədləri itirməmək üçün qabaqcadan tədbirlər görülməlidir.

Sənədlər, vəsiyyətnamələr, vergi qeydləri, doğum sənədləri, şəxsiyyət vəsiqəsi, kredit kartı ilə əlaqədar məlumatlar və digər həyati əhəmiyyət daşıyan sənədlər evdə kiçik bir kassada və ya bankda, ya da alovdan qorunacaq bir yerdə, onların surətləri çoxaldılaraq digər bir yerdə saxlanılmalıdır.

Bu sənədlərin arasına "əhəmiyyətli ailə məlumatları" da 2 nüsxə yazılaraq bir nüsxəsi ev xaricində təhlükəsiz bir yerdə saxlanmalıdır.

Zəlzələ təhlükəli ərazilərdə yerləşən hər evdə və iş yerində "Zəlzələ Təhlükəsizlik Planı" hazırlanmalıdır. Ev və iş yerlərinin bütün otaqlarında ən etibarlı yerlər əvvəlcədən təyin olunmalıdır.

Zəlzələ ilə əlaqədar hər mövzuda məlumat ala bilmək üçün yaşayış evlərində və iş yerlərində batareya ilə işləyən radio və ehtiyat batareyaları saxlanılmalıdır.Lazımlı olan bu ləvazimatların yanında, müəyyən miqdarda nağd pul və kredit kartları da əl altında təhlükəsiz bir yerdə saxlanmalıdır.

Əgər çıxış yaxın deyilsə (açıq sahəyə dərhal qaçmaq mümkün deyilsə), o zaman qətiyyən olduğunuz yerdən qaçmayın, mümkün olarsa təcili yardım çantasını götürərək mənzildə daha əvvəldən təyin olunmuş etibarlı bir yerə sığının, ilk növbədə uzan və ya yat, bağla (ört) və yapış qaydaları tətbiq edin:

1. Etibarlı bir yerə dizi üstə uzan və ya yat (çiyin üzərində);

2. Başını və peysərini qoruyacaq şəkildə bağla;

3. Yıxılmamaq üçün sabit bir yerə yapış;

4. Sarsıntı sona çatana qədər yerində qal;

5. Dərindən nəfəs alaraq sakitləş;

6. Bu hərəkətləri təkrar etməyə davam et.

Düşə biləcək əşyalara nəzarət edin,onlara yaxın uzanmayın.

Zəlzələ baş verən zaman çiyin üzərində (əllər ilə peysər və baş bölgəsini qoruyacaq şəkildə örtərək, ayaqlarınızı qarına doğru çəkərək) təhlükəsiz bir yerə uzanmaq lazımdır.

Belə vəziyyətdə əllərinizlə başınızı qoruya bilərsiniz, həm də ətrafınızı görə bilərsiniz. Ayrıca bu mövqe daxili orqanlarınızın böyük bir hissəsini və böyrəklərinizdən birini qoruyan ən ideal mövqedir.

Hamamda olarkən yerə bərkidilmiş vannanın yanında uzanmaq lazımdır.
Zəlzələ baş verən zaman bir çox insan ani olaraq kortəbii surətdə qaçmaq istəyir. Ancaq unutmayın ki, insanların yaralanmalarının çoxunun binaların içinə, ya da binalardan çölə qaçmaları və ya pəncərədən, balkondan atılmaları səbəbindən baş verir.

Balkonlardan və sütunsuz geniş sahəli yerlərdən uzaqda durmaq lazımdır.

Zəlzələ zamanı liftlərdən istifadə edilməməlidir. Zəlzələ baş verən zaman liftdə olduqda, hansı mərtəbədə olduğunuzdan asılı olmayaraq çıxış düyməsinə basmalı və olduğunuz mərtəbədə lifti dayandırmalı və onu dərhal tərk etməlisiniz.

Bərkidilməmiş və aşa biləcək əşyalardan, soba və su qızdırıcılardan, çox ağır olan və bir yerə bağlı olmadan dayanan əşyalardan (vitrinlər, şkaflar, rəflər və s.), mətbəx şkaflarının üst rəflərində dayanan ağır ya da qırıla biləcək əşyalardan, asılı dayanan (çilçıraq, güzgü, ağır çərçivəli şəkillər və s.) əşyalardan, yüksək ya da təhlükəli yerlərdə dayanan və qırıla biləcək qabların içində olan zəhərli maddələrdən uzaq dayanmaq lazımdır.

Evin içində etibarlı bir yerdə durmaq olmursa, o zaman pəncərələrə kürəyinizi döndərərək və ya aşa biləcək əşyalardan uzaqda kürəyinizi onlara tərəf döndərərək, yerə uzanmalı, yaxında olan yastıq, ədyal, paltar, kitab və s. ilə başınızı örtməli, bunlar da mümkün deyilsə, o zaman dirsəklərlə üzünüzü qorumaq üçün, əllərinizi başınızın arxasında birləşdirməli və qorunmağa çalışmalısınız.

Qeyd etmək lazımdır ki, çılpaq ayaqla gəzilməməlidir. Yerdəki şüşə qırıqları və s. ayaqları yaralaya bilər.

Qazla və elektriklə işləyən alətləri (soba, ocaq) bağlamaq lazımdır. Bağlamaq mümkün olmadıqda, ana xətti dərhal bağlamaq,qapıları açıq saxlamaq, onların bağlanmaması üçün qarşısına maneə (stul və s.) qoymaq lazımdır.

Siz yuxuda olarkən zəlzələ baş verərsə ayılan zaman yatağın yanına uzanmaq lazımdır. Əgər yataqdan qalxmaq mümkün olmazsa, o halda döşəyin altına sığınmaq lazımdır.

Zəlzələ baş verən zaman açıq sahədəsinizsə, binalardan, divar diblərindən, pəncərələrdən, reklam plakatlarından, uçqun kənarlarından, körpülərin üstündən və altından, elektrik dirəklərindən uzaq dayanmalı, təhlükəsiz və etibarlı bir açıq sahəyə doğru getməlisiniz. Zəlzələ sona çatana qədər orada qalmalısınız. Torpaq sürüşməsi olan sahələrdən, daş və qaya parçalarının düşə biləcək dik qayaların yaxınlığından və dik yamacların ətəklərindən uzaqlaşmaq lazımdır. Zəlzələ baş verən zaman dəniz sahilindəsinizsə dərhal uzaqlaşaraq yüksək yerlərə doğru qaçmaq lazımdır.

Avtomobillə quru yolda hərəkət etdikdə; yolu bağlamadan sağa çıxıb avtomobili dayandırmalısınız. Açarı bağlayıb mühərriki söndürməli və pəncərələri bağlayıb içində gözləməlisiniz. Fəlakət sovuşduqdan sonra açıq sahələrə getmək olar.

Avtomobillə yaşadığınız küçədə və ya binaların yaxınlığında hərəkət etdikdə; dərhal avtomobili dayandırmalı, qapıları bağlayaraq, dərhal özünüzü itirmədən hərəkət edərək açıq sahələrə gedilməlidir.

Avtomobili körpülərdən, keçidlərdən, binalardan, elektrik dirəklərin­dən, enerji xətlərindən, tunellərin giriş və çıxışlarından, ağır tonnajlı yük maşınlarından və dəniz kənarlarından uzaq dayandırmalısınız.

Təhlükəli maddələri (zəhərli kimyəvi maddələri, tez alışan mayeləri) təhlükəsiz və yaxşı təcrid edilmiş yerlərdə saxlayın.

Bütün sakinlər elektrik açarının, magistral qaz və su kranlarının yerini bilməlidir ki, lazım gələndə asanlıqla tapa bilsinlər. Yanınızda uşaq varsa, onu öz gövdəniz ilə qoruyun.

Şamdan, kibritdən, alışqandan istifadə etməyin – qaz sızması ola, nəticədə yanğın baş verə bilər. Eyvanlardan, karnizlərdən, qırılmış məftillərdən uzaq durun. Əgər avtomobildəsinizsə, açıq yerdə qalın, lakin təkanlar bitməyənədək avtomobildən enməyin. Digər insanların xilas edilməsinə yardım etməyə hazır olun.

Təkanlar dayandıqdan sonra binanı pilləkənlərlə divarlardan tutaraq tərk edin. Zəlzələdən sonra binadan çıxmazdan əvvəl pilləkənlərin, divarların uçma təhlükəsi olmadığına əmin olun, əgər təhlükə varsa çıxmayın.

Zədələnmiş binada qaz sızıntısı ola bilər, bununçün açıq alışdırıcılardan (kibrit, şam) istifadə etməyin. Qırılmış, zədələnmiş elektrik naqillərindən ehtiyatlı olun.

Mənzilə qayıdarkən elektriki, qazı və su xəttini, kommunal-texniki xidmətı yoxlayanadək açmayın. Zədələnmış quyulardan su içməyin.

Zəlzələ titrəyişləri dayanana qədər saxlanılan yeri tərk etməyin.

AzNews.az