Siyavuş Aslanın doğum günüdür - “Bir az əsəbi idi, amma...“

5 Sentyabr 2015 10:59 (UTC+04:00)

Musiqili Teatrın aktyoru Novruz Qartal AzNews.az-a açıqlamasında S.Aslanın əvəzsiz bir aktyor olduğunu deyib:
"Siyavuş Aslanla 30 ilə yaxın bir yerdə işləmişəm. Xoşbəxtlikdən onunla "Nənəmin şahlıq quşu", "Milyonçunun dilənçi oğlu", "Hicran" tamaşalarında tərəf müqabili oldum. Siyavuş müəllim gözəl, əvəzsiz aktyor idi. O, tək komediya ustası deyildi. Eləcə də dramatik rolların bilicisi idi. Hansı tərəfə desəydilər, o tərəfə də əyilərdi".

N.Qartal deyir ki, S.Aslan həm də teatrın rus bölməsində hazırlanan tamaşalarda da rol alıb: "Teatrın rus bölməsində hazırlanan Rauf Hüseynovun "Yol ayrıcında" tamaşasında arvadı, mərhum sənətkar Ofeliya Aslanla bir yerdə oynayardı. Bu tamaşa ilə dəfələrlə Rusiyada qastrol səfərində olardı".

Aktyor deyir ki, Siyavuş Aslanın üstünlüyü onun hər şeydən əlavə gözəl insan olmağında idi: "Hamı onu çox istəyirdi. Bir az əsəbi idi, amma tez də keçirdi. Ona hamı "əmi" deyərdi. Siyavuş Aslan barışıq, sülh tərəfdarı olan sənətkarlardan idi".

Xatırladaq ki, Aslanov Səyavuş Məmmədağa oğlu 1935-ci il sentyabr ayının 5-də Bakıda doğulub. Aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib.

Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından idi. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib (1994-1996) və bir çox obrazların mahir ifaçısı olub.

Səyavuş Aslan teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1974-cü ildə Azərbaycan Respublikasını əməkdar artisti, 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsü idi. 25 iyun 2013-cü ildə "Şərəf" ordeni ilə təltif edilib. Son filmi "Adam ol" filmidir.

Ağır xəstəlikdən sonra 27 iyun 2013-cü ildə Bakıda vəfat edib.

Bahar RÜSTƏMLİ
AzNews.az