Daha bir Azərbaycan diplomatı Qərbdən sığınacaq istədi

7 Sentyabr 2015 14:41 (UTC+04:00)

AzNews.az Lent.az-a istinadən xəbər verir ki, A. Həsənov Avstraliyadan artıq siyasi sığınacaq istəyib.

Qeyd edək ki, A. Həsənov bir müddət əvvəl Azərbaycan KİV-lərinə məktubla müraciət etmişdi. O, həmin məktubunda Azərbaycan XİN rəhbərliyinin ünvanına təxribatçı və təhqiramiz fikirlər səsləndirmişdi. Bundan əlavə, A. Həsənov həmin müraciətində ölkənin siyasi rəhbərliyinin ünvanına da ittihamlarla çıxış etmişdi.

XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev dünən bu məsələyə qismən aydınlıq gətirərək bildirib ki, A. Həsənov Avstraliyadakı səfirliyin əməkdaşı olaraq fəaliyyəti müddətində "Diplomatik xidmət haqqında" qanun, "XİN haqqında" Əsasnamənin müddəalarını və əmək müqaviləsini kobud şəkildə pozduğuna və ciddi xidməti qüsurlara yol verdiyinə görə tutduğu vəzifədən azad edilib və uzunmüddətli ezamiyyətdən geri çağırılıb.

Maraqlıdır ki, bir müddət əvvəl Azərbaycanın Rumıniyadakı səfirliyində çalışdığı müddətdə də Anar Həsənovun xidməti qüsurlara yol verdiyi müəyyən edilmiş, o, uzunmüddətli xidməti ezamiyyətdən vaxtından əvvəl geri çağırılmış və barəsində intizam tədbirləri görülmüşdü.

Bu gün Anar Həsənovun özü ilə əlaqə yaratmağa çalışılıb. Amma Azərbaycanın Avstraliyadakı səfirliyindən bildiriblər ki, A. Həsənovun harada olması onlara məlum deyil.

Səfirliyin əməkdaşı Araz Xasıyev isə A. Həsənovun siyasi sığınacaq verilməsi xahişi ilə Avstraliya hökumətinə müraciət etməsi faktını təsdiqləyib. Keçmiş diplomatın onunla birgə Kanberrada olan həyat yoldaşı da siyasi sığınacaq üçün müraciət edib.