Gəncədə Əli və Ninonun heykəli ucaldılacaq - Foto

7 Sentyabr 2015 15:38 (UTC+04:00)

AzNews.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Gəncəçayın sağ sahilində salınan "Əli və Nino" parkında yerləşəcək memarlıq əsərində beton-konstruksiya işləri aparılır. Qurban Səidin müəllifi olduğu "Əli və Nino" əsəri əsasında yaradılan heykəllərin hündürlüyü 3.5 metr təşkil edəcək. Kompleksdə işlərin 2 aya kimi yekunlaşdırılması nəzərdə tutulur.

Memarı Cahid Həsənov olan və azərbaycanlı və gürcü gənclərin sevgisinə ithaf edilən abidə Azərbaycandan öncə Çin, Fransa və Gürcüstanda ucaldılıb.

"Əli və Nino" abidə kompleksinin memarı Cahid Həsənov deyib: "Bu heykəl iki alovun yanması anlamını verəcək. Sonrakı mərhələdə "Əli və Nino" tərənüm olunur. Heykəlin ətrafında süni tüstü effektləri veriləcək ki, sanki bunların eşqləri səmada uçur. Dünya memarlığında ilk dəfədir ki, abidədə vizual bir görüntü yaradacağıq".

Bundan başqa, abidənin ətrafında 3 fəvvara quraşdırılır ki, bunlar da vizual olaraq göz yaşlarını xatırladacaq. Layihəyə görə, "Əli və Nino" heykəli Şərq üslübunda, lakin modern formada olacaq.