“Güclü zəlzələlərin baş vermə ehtimalı sıfıra bərabərdir“

7 Sentyabr 2015 16:35 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

Q.Yetirmişli bildirib ki, Prezidentin tapşırığına əsasən orada seysmoloji stansiyalar quraşdırılır: "Həmin ərazi seysmoloji zonadır. Bundan əvvəl, 2003-cü ildə zəlzələ baş verib".

Onun sözlərinə görə, Şəkidəki 7 ballıq zəlzələdən sonra 50-dən çox xırda afterşok davam edir: "Ola bilsin ki, bir neçə gün bu afterşoklar davam etsin. Bəzi hallarda 3-4, hətta ola bilsin, 5 bal gücündə zəlzələlər ola bilər. Amma 7 baldan güclü zəlzələlərin baş vermə ehtimalı sıfıra bərabərdir. Əhali bundan qorxmasın".

Azərbaycanın, ümumiyyətlə, seysmik zonada yerləşdiyini qeyd edən Q.Yetirmişli vurğulayıb ki, buna baxmayaraq, qabaqcadan hansı bölgədə zəlzələnin baş verməsini proqnozlaşdırmaq qeyri-mümkündür: "Şəkidəki zəlzələ ocağında enerji qısa təkanlarla da boşala bilərdi, onda belə zəlzələ baş verməyə bilərdi. Biz zəlzələ ocaqları ilə bağlı tədqiqatlar aparırıq, gərginlik zonalarını müəyyən edirik. Ancaq qısamüddətli zəlzələ proqnozu vermək mümkün deyil".

Seysmoloji Xidmət Mərkəzinin direktoru tikinti aparılan zonalardan müraciət olan zaman seysmikliklə bağlı arayışların təqdim olunduğunu qeyd edib: "Məsələn, Bakıda 8-9 ballıq ərazilər var. Biz hər bina üçün əraziyə uyğun zəlzələyə davamlılıq müəyyən edirik".