Ruslar bir gündə 49 mücahid öldürdü

22 Oktyabr 2012 06:15 (UTC+04:00)


Ötən gün Rusiya təhlükəsizlik qüvvələrinin Şimali Qafqazda apardıqları terror əməliyyatı nəticəsində 49 mücahid öldürülüb. Rusiya Milli Terrorla Mübarizə Komissiyasından (NAK) verilən açıqlamada ölənlərin 9-nun banda lideri olduğu bildirilir.

Dağıstan, Kabardin Balkar və digər Respublikalarda həyata keçirilən əməliyyatlarda Rusiyanın Federal Təhlükəsizlik Bürosu (FSB) da iştirak edib. NAK dan verilən açıqlamaya görə, terror hadisələri ilə əlaqəsi olan 30 nəfər həbs edilib. 20 mücahid isə könüllü təslim olub. Digər 90 bölgədə aparılan əməliyyatlar zamanı əldə hazırlanmış 30 bomba, 100 kiloqram partlayıcı maddə, 109 avtomat silah, 350 mina və 19 min mərmi və digər sursat tapılıb.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin ötən həftə verdiyi açıqlamada 2014 Qış Olimpiya Oyunları çərçivəsində terrorla mübarizə əməliyyatlarına önəm verdiyini bildirib. Terrorla mübarizə komissiyasının iclasında iştirak edən Rusiya lideri son üç ayda 43-ü banda lideri olmaqla 313 mücahidin öldürüldüyünü söyləyib.

Onu da bildirək ki, özünü Şimali Qafqazın əmiri elan edən Doku Umarov Qiş Olimpiya oyunları zamanı terror törədəcəyi ilə hədələmişdi. Umarov daha öncə də Moskva metrolarında və Domodedova Hava Limanında bir sıra terror olaylarının müəllifidir.

Ülviyyə Tahirqızı
AzNews.az