“İlhamı məcburiyyətdən Masallıda dəfn etdik” – Xalq artistinin həyat yoldaşı “od püskürdü”

8 Sentyabr 2015 11:57 (UTC+04:00)

Bu barədə AzNews.az danışan İlham Əsgərovun həyat yoldaşı Yeganə Əsgərova Mədəniyyət və Turizm Nazirliyini ittiham edib: "Biz istəyirdik ki, İlham Əsgərov Bakıda dəfn olunsun. Heç olmasa qəbri üstə vaxtı-vaxtında gedək, ziyarət edək. Amma onun Bakıda dəfn olunmağına kim imkan vermədilər. İlhama qarşı daha bir laqeydlik gördük. Gərək, bunu dövlət fikirləşərdi, fikirləşmədi... Məcbur olub Masallıya apardıq. O boyda sənətkar getdi, elə bil heç nə baş vermədi. Bu, dəhşətdir... Bu boyda laqeydlik, bu boydə səriştəsizlik, bu boyda hörmətsizlik olmamalıydı, amma oldu. Görəsən, o Mədəniyyət və Turizm Nazirliyi bu munasibətin məsuliyyətini hiss edirmi?"

İ.Əsgərovun həyat yoldaşı qeyd edib ki, mərhumun 3 mərasimi sabah keçiriləcək: "Sabah 3 mərasimidir. Yas mərasimi öz elində, obasında olacaq. Kim istəsə gəlsin".

Qeyd edək ki, İlham Əsgərov sentyabrın 6-da dünyasını dəyişib. Sentyabrın 7-də isə doğulub-böyüdüyü Masallı rayonun Xançobanlı kəndində dəfn olunub.

Bahar RÜSTƏMLİ
AzNews.az