Seçkiyə tanınmış politoloqlardan hansılar qatılacaq? - Açıqlamalar

8 Sentyabr 2015 14:15 (UTC+04:00)

AzNews.az bu sualla bir neçə politoloqa müraciət edib.

Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirov seçkidə iştirakı ilə bağlı qərarını YAP-dan gözlədiyini bildirib: "Mən Yeni Azərbaycan Partiyasının (YAP) üzvüyəm. YAP rəhbərliyi kimi layiq bilirsə, onun da namizədliyini irəli sürür. Ona görə də mən bitərəf olmadığım üçün mən bu məsələdə yalnız partiyanın qərarından asılı olaraq bu və ya digər addım ata bilərəm. Ona görə mən bu məsələlərdə özüm heç bir təşəbbüslə çıxış etmirəm. Yalnız partiya rəhbərliyi münasib bilərsə, uyğun hesab edərsə mənim seçkilərdə iştirakım ola bilər. Əgər partiya uyğun bilməsə mən seçkilərə qatılmayacam. Hansı dairədən namizədliyimi verəcəyim də partiya tərəfindən müəyyənləşdiriləcək. İndidən bu məsələ ilə bağlı fikir söyləmək mənə çox çətindir. Seçkilərdə iştirak edib-etməyəcəyim haqda dəqiq hələ bir qərara gəlməmişəm. Ümumiyyətlə, bununla bağlı heç bir mövqe mənə bəlli deyil. Ona görə də hər hansı dairədən namizədliyimi verməyim sonrakı proseslərdən asılıdır. Bundan əvvəlki seçkilərdə iştirak etməmişəm".

Politoloq Qabil Hüseynli AzNews.az-a açıqlamasında hələ ki, bir qərar vermədiyini deyib: "Hələ bu haqda ciddi düşünmürəm. Ölkədəki vəziyyətə baxacam. Amma çox ehtimal ki, iştirak etməyəcəm. Əgər fikrimi dəyişsəm, anadan olduğum Tərtər 105 saylı Seçki Dairəsindən namizədliyimi verəcəm".

Politoloq Zərdüşt Əlizadə də seçkidə namizədliyini verməyəcəyini deyib: "Ümumiyyətlə, seçkilərdə iştirak etməyəcəm. Heç bundan əvvəlki seçkilərdə də namizdəliyimi irəli sürməmişəm. Bundan sonra da bele bir fikrim yoxdur".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bu ilki seçkidə iştirak etməyəcəyini bildirib: "Namizədliyimi vermək fikrim yoxdur. Əvvəlki seçkilərdə də iştirak etməmişəm. Sadəcə bu haqda düşünməmişəm. İndiki statusumda özümü daha çox rahat hiss edirəm. Parlament elə bir seçkidir ki, gərək bu işə enerji sərf edəsən. Həmçinin müəyyən maliyyə imkanların da olmalıdır. Əsas isə istəyin və hədəfin olmalıdır ki, öz işindən ayrılıb qanunvericlik fəaliyyəti ilə məşğul olasan. Mən hələ ki, özümdə bu enerjini və gücü hiss etmirəm. Ona görə də namizədliyimi irəli sürmürəm. Gələcəklə bağlı qərarım yoxdur. Amma bu ilki seçkilərdə namizədliyimi verməklə bağlı qərar verməmişəm. Ümumiyyətlə, verməklə bağlı fikrimdə yoxdur".

Politoloq Rasim Musabəyov isə bu ilki seçkidə də iştirak etmək istədiyini deyib: "Seçkidə yenidən namizədliyimi vermək niyyətim var. 2010-cu ildə 18 saylı Nərimanov-Nizami Seçki Dairəsindən namizdəliyimi verib deputat seçilmişəm".

Sevinc Yasinqızı
AzNews.az