Şər qüvvələr niyə bu bitkidən qaçır? - Sarımsaq tarixi və ilginc faktlar
8 Sentyabr 2015 18:31 (UTC+04:00)
Payızın dərmanı isə sarımsaqdır.
Əsrlərlə insana yaxın olan bu ərzağı yemək və ictimaiyyət arasına çıxmaq insanlardan cəsarət tələb edir.
Sarımsağın həyat yolu da maraqlıdır.
AzNews.az payızın gəlişini nəzərə alaraq sarımsaq tarixi və sarımsağın xeyirləri ilə bağlı maraqlı yazı hazırlayıb.
Sarımsaq necə yaranıb?
Əsatirə görə, Tanrı İblisə qəzəblənib, göylərdən Yerə qovanda, İblisin ilk dəfə ayağı dəydiyi torpaqda iki bitki cücərib: sağ ayağı dəyən yerdə soğan, sol ayağı dəyən yerdə isə sarımsaq. Cənnətdən məhrum olan İblis üsyankar halı ilə ayağının altında bitən bitkinin kəskin qoxusundan diksinib və düşdüyü yerə lənət oxuyub. Həmin gündən sarımsaq və soğan qoxusu İblis, Şeytan və şər qüvvələrin qaçdığı bir qoxu olub. Çünki bu qoxu onlara Yerə qovulduqları günü xatırladır.
Bu əfsanə qədimdən insanlara o əsası verib ki, sarımsaqdan talisman, həmayil düzəldib, ona müqəddəslik statusu versinlər.
Sarımsaq haqqında ilk yazılı sənəd e.ə. 350-ci ilə aiddir. Orada qədim insanların sarımsaqla sağaltmağa cəhd etdiyi barədə yazılıb.
Şumerlərdə Assur-Vavilyona, oradan da Hind sivilizasiyasına adlayan sarımsaq loğmanların sevimlisi idi.
Sarımsaq qoxulu ehramlar

Sarımsağın qoxusu qədim Misir ehramlarına da hopub. Belə ki, ehramların tikintisində yüz mindən artıq insanın işləməsi epidemiya təhlükəsi yaradıb. Firon və kahinlər bunun qarşısını almaq üçün çarə tapıblar: hər səhər tikinti meydanına arabalarla sarımsaq daşınır, qullar isə sarımsağı udardılar.
Alimlər ehramların tikintisi illərində sarımsağa xərclənən pulu da təqribi hesablayıblar: 30 milyon dollar.
1922-ci ildə Tutanxamonun sərdabəsinin qazıntıları zamanı oradan sarımsaq dişləri tapılıb. Deməli, sarımsaq təkcə yoxsul və qulların yox, hökmdarların da həyatında olub.

Misirlilər inanırdı ki, hər bir sarımsaq dişində İlahi bir güc var.
Sarımsaqsız heç Homerin "Odisseyi" də yazılmayıb. Əsərdə Axilles Aqamemnon və Odisseyin qanından sarımsaq qoxusu gəldiyi yazılır. Nestor öz qonağını sarımsaqlı yeməklərlə qarşılayır. Məhz sarımsağın köməyilə Odissey Sirseidən qaça bilir.
O əsrlərdən isə sarımsaq qədim Romaya, legionerlərin həyatına daxil olur. Olimp atletləri, imperator və əsgərlər sarımsağa "qoxulu qızılgül" adı vermişdilər. Aylarla döyüş yollarında olan Roma ordusuna yalnız sarımsaq dəstək idi.

Olimpiya oyunlarının iştirakçıları yarışdan əvvəl mütləq sarımsaq yeyərdilər.
Sarımsaq müasir tibbin də tövsiyə və istifadə etdiyi nemətdir. Onu heç olmasa uşaqlarınıza yedirin ki, xeyrindən məhrum olmasınlar.
Aygün MUSAYEVA
AzNews.az