Rusiya XİN: Rusiyaya qarşı sanksiyalar uzun müddət davam edəcək

9 Sentyabr 2015 13:02 (UTC+04:00)

APA-nın RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, bunu RAE-2015 sərgisində Rusiya Xarici İşlər Nazirinin müavini Sergey Ryabkov deyib.

Onun sözlərinə görə, ötən həftə Rusiyada hüquqi şəxslərə qarşı ABŞ tərəfindən əlavə sanksiyaların tətbiq edilməsi Rusiya müdafiə sənayesi kompleksinin işinin və ümumilikdə bütün dövlət mexanizminin zəiflədilməsinə yönəlmiş siyasətdir: "Bizim ABŞ və Avropa İttifaqından olan həmkarlarımız bütün səylərini ortaya qoyacaqlar. Biz bunu başa düşürük və bu şərtlər daxilində işləməyi öyrənməliyik. Qərb Rusiyaya qarşı sanksiyalarını uzun müddət üçün tətbiq edib və yaxın gələcəkdə onların götürüləcəyinə ümid etmək lazım deyil".