Zahid Oruc “Kaman susdu” ifadəsinə etiraz etdi: “Xalq səsi sevir, musiqini yox”

9 Sentyabr 2015 17:27 (UTC+04:00)


AzNews.az xəbər verir ki, o, bu barədə özünün facebok səhifəsində yazıb: "Yaradıcı insanın milli yaddaşlarda qoyub getdiyi irsi varsa, onu digər ölümlü insanların son mənzilə yola salındığı sözlərlə yad etmək olmaz. "Azərbaycanın Paqaninisi" adını qazanmış böyük bir sənətçinin həyatla vidalaşması "onun kamanı susdu" kimi təqdim edilə bilməz. Habil Əliyev bir musiqi alətini öz adıyla simvolizə etdirə bildisə, onu ictimai ruhun ayrılmaz hissəsinə çevirməyi bacardısa, deməli, hər zaman yaşayacaq. Kimsə deyəcək ki, kamanın simləri kədəri, dərdi yaxşı götürürdü, o üzdən bir xalq öz genetikasında və tarixi yaddaşında qoruyub saxladığı səsi sevir, musiqini yox".

Z.Oruc bildirib ki, Habil Əliyevdən min illər sonra bir xalqın mədəni varlığını həm də kaman göstərəcəksə, deməli, onun ruhu şad olacaq və kaman susmayacaq: "Çünki ölümsüzlük cismani deyil, ruhi olaraq qazanılır. Habil bütün ömrü boyu gözlərini yumub ifa edirdi və onun hansı dünyanın adamı olduğunu bilmək mümkün deyildi. İndi onu o dünyaya yola salarkən, əslində əbədiyyətdə qalan açıq gözlü Habildir.

Millətinin içində qalan bir səs kimi. İnsan sadəcə bir səsdən ibarətdir. Onu bu gün minlərlə lətifəsində yad edən adamlar göstərdilər ki, Habilin ölümü də insanlara yumorlu bir həyat hekəyasi kimi gəlir. O son ana qədər "əcəl zəngi"nə gülməyi bacardı və döyüşdən qalib çıxdı. Ölümün özünü öldürmək bax belə olur".


Xatırladaq ki, Xalq artisti, tanınmış kamança ifaçısı Habil Əliyev sentyabrın 8-də dünyasını dəyişib. O, setyabrın 9-da Birinci Fəxri Xiyabanda dəfn olunub.

Bahar RÜSTƏMLİ
AzNews.az