Partiya sədri: “Hər şey qəfil olacaq”

22 Oktyabr 2012 07:34 (UTC+04:00)


"Bu, gənc fəalların aksiyası idi. Gənclərin bu təşəbbüsünü yüksək qiymətləndirirəm. Hakimiyyətə qarşı atılan bu addımların müstəsna əhəmiyyəti var. Onu da qeyd edim ki, xalqın iştirakı, tələbi olmadan keçirilən aksiyaların siyasi effekti aşağı olur"

Bunu AzNews.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu müxalif gənclərin oktyabrın 20-də keçirdikləri aksiyaya münasibət bildirərkən deyib. O qeyd edib ki, müxalifətin sosial bazası zəif deyil: "Azərbaycan cəmiyyətlərdə ya elliklə qalxıb inqilab edirlər, ya da belə aksiyalarda xalq iştirak etmirlər. Hər şey qəfil olur. Belə aksiyalarda daha çox fədakarlar, həyatını xalqına həsr etmiş insanlar iştirak edirlər. Belə hadisələr Azərbaycan kimi cəmiyyətlərin xarakterik xüsusiyyətləridir. Məsələn, Suriyada 47 il ərzində heç nə baş vermədi. İndisə, 30 min insan həlak olsa da, mübarizəni davam etdirirlər. Liviya da, Misir də belə oldu".

Mitinqdə az sayda insanın iştirak etməsinin səbəbini izah edən S.Cəlaloğlu hesab edir ki, aksiya başlanmazdan öncə təşkilatlanma işi aparılmalıdır: "Düzdür, gənclər bu mitinqlə bağlı sosial şəbəkələrdə təbliğat işi aparıblar. Bu da yetərli deyil. Biz siyasi partiya olaraq aksiya qərarı verəndə aylarla təşkilatlanma işi aparırıq. Gənclərin ya təcrübələri olmayıb, ya da düzgün təbliğat işi apara bilməyiblər".

İlkin Pirəli
AzNews.az