Poloçularımız finala yüksəldi

10 Sentyabr 2015 20:34 (UTC+04:00)

Azərbaycan Respublikası Atçılıq Federasiyasından AzNews.az-a verilən məlumata görə, bu gün 4-cü turun görüşləri keçirilib. Yarışın bu mərhələsi əvvəlki 3 turda olduğu kimi qapalı manejdə deyil, açıq havada, yaşıl örtüklü meydanda baş tutub.

İlk olaraq meydana Azərbaycan və İsveçrə komandaları çıxıblar. Görüş millimizin 11:6 hesablı qələbəsi ilə başa çatıb.

Ardınca İtaliya komandası Almaniya poloçuları ilə üz üzə gəlib. Qarşılaşmada Almaniya təmsilçisi 5:3 hesabı ilə qələbə qazanıb.

4-cü turda keçirilən son oyunda meydana İrlandiya və İspaniya komandaları çıxıblar. Bu dəfə sevinən tərəf İrlandiya millisi olub 8:6.

Beləliklə, 4 turdan sonra 100 faizlik nəticə göstərən Azərbaycan yığması ən pis halda ikinci yeri təmin edərək Avropa çempionatının finalına vəsiqə qazanıb. Sabah keçiriləcək sonuncu - 5-ci turda komandamız İspaniya seçməsi ilə qarşılaşacaq. Oyun saat 18:00-da başlayacaq. Buna qədər isə saat 17:00-da meydana Almaniya və İsveçrə komandaları çıxacaqlar. Avropa çempionatının 5-ci turuna saat 19:15-də start götürəcək İtaliya - İrlandiya oyunu ilə yekun vurulacaq.

Avropa çempionatının finalı sentyabrın 12-si saat 20:30-da başlayacaq. Həlledici oyunda yığmamızın rəqibi 5-ci turun nəticələrinə əsasən bilinəcək.