14 partlayış, 8 ölü, 11 yaralı

22 Oktyabr 2012 07:50 (UTC+04:00)

Bu ilin 9 ayında baş verən fövqəladə hadisələrin statistikası açıqlanıb. AzNews.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 2012-ci ilin 9 ayı ərzində respublika ərazisində 14 partlayış hadisəsi baş verib.

Nəticədə 8 nəfər ölüb, 11 nəfər xəsarət alıb. Bu il baş verən partlayışlar 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 7 hadisə və ya 33% az olub.

Cari ilin 9 ayı ərzində respublikada baş verən yanğınların aradan qaldırılması üçün 6514 çıxış olub. Yanğın hadisələri zamanı 44 nəfər ölüb, 62 nəfər xəsarət alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanların sayı 7 nəfər və ya 19% çox, xəsarət alanların sayı isə 31 nəfər və ya 33% az olub.

Bundan başqa, 2012-ci ilin 9 ayı ərzində respublika ərazisində 6646 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 882 hadisə və ya 15% çox olub. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 60 nəfər həlak olub, 83 nəfər xəsarət alıb, 143 nəfər xilas edilib, 26 nəfər təxliyə olunub.

AzNews.az