“Onlar Azərbaycana qarşı sistemli kampaniyalar aparır” - Politoloq

11 Sentyabr 2015 13:47 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirov deyib.

Politoloqun fikrincə, qətnamədə qeyd olunan məsələlər uydurmadır və heç bir faktlara əsaslanmır: "Avropa Parlamentinin 365 üzvünün iştirak etdiyi müzakirələrdə onun 202 üzvünün Azərbaycan əleyhinə qətnamənin leyinə səs verməsi növbəti dəfə onun təsdiqidir ki, Avropa Parlamenti sözün həqiqi mənasında daha böyük siyasi dairələrin əlində bir alətə çevrilib. Ondan bu şəkildə istifadə olunur. Yəni eyni situasiyalar ölkəmiz əleyhinə kənardan verilən göstərişlər əsasında kompaniya aparırlar. Eyni zamanda Avropa Parlamentinin rəhbərliyi, xüsusilə də Martin Şults bu məsələlərdə çox fəaldır. Bu insanların rəhbərliyi ilə Azərbaycana qarşı fəaliyyət göstərən qaranlıq mənbələrdən qidalanmaqla onlar növbəti dəfə ölkəmiz əleyhinə qətnamə qəbul ediblər. Hesab edirəm ki, bu qətnamədə irəli sürülən bütün ittihamlar əslində, real həqiqətlərlə daban-dabana ziddir".



Azərbaycanda demokratiya, söz və mətbuat azadlığında ciddi problemlərin olduğunu qətnamədə irəli sürülən əsas ittihamlardan biri kimi verilməsi məsələsini vurğulayan Elman Nəsirov deyib ki, bütün bunlar Avropa Parlamentinin yalanlarından biridir: "Halbuki Azərbaycanda 50-yə yaxın siyasi partiya, yüzlərlə qeyri-hökumət təşkilat fəaliyyət göstərir. Bizdə ən başlıcası azad internet mövcuddur. Kim nə istəsə öz səhifəsində hər şey yaza bilir. Buna heç bir mane yoxdur. Bunlar reallıqdır. Amma təəssüf ki, bu reallığı bilərəkdən avropalı parlamentarilər daha doğrusu, diktə altında işləyən və Avropa maraqlarına deyil cılız öz şəxsi hesablarına xidmət göstərən qüvvələr bunu həyata keçirir. Azərbaycanda bu hər kəsə bəllidir. Amma Avropa parlamentarilər bunu bilmək və görmək istəmirlər. Azərbaycanda heç kəs peşə fəaliyyətinə görə təzyiq obyektivinə çevrilməyib. Eyni zamanda heç bir şəxs cinayət əməlində ittiham olunursa, bu faktlarla sübuta yetirilirsə, onun heç bir imtiyazı yoxdur. Bu bir həqiqət və aksiomadır. Amma Avropa Parlamenti çalışır ki, ayrı-ayrı şəxslərin konkret cinayət əməlinə göz yumsunlar. Onların peşə məsuliyyətinə və fəaliyyətinə görə cinayət əməlində ittiham edilməsi məsələsini qabardıb beynəlxalq və Avropa ictimaiyyətini aldatsınlar. Əgər onlar həqiqətən də insan hüquq və azadlıqlarından, seçicinin hüquqlarından bəhs edilirsə, onlar əksinə çox böyük maraqla gəlib ölkəmizdə parlament seçkisini izləməli, Azərbaycandakı seçki sferasında bu illər ərzində qazandığı nailiyyətləri görməlidirlər. Həmçinin müəyyən məsələlərdə əgər, nədənsə narazıdırlarsa, onları da açıq şəkildə ifadə etməlidirlər. Amma biz onların Avropa İttifaqı Şurasına və onun rəhbərliyinə müraciət edib, həmin ittifaq ölkələrinin Azərbaycana müşahidəçi göndərməsinə mane olun çağırışlarının şahidi oluruq. Hesab edirəm ki, belə yanaşma demokratiya prinsiplərinə, seçicinin azad seçki ilə hüquqi ilə bağlı prinsiplərinə daban-dabana ziddir. Heç bir halda buna Azərbaycan tərəfi göz yuma bilməz. Azərbaycan hər zaman belə ikili standartlara qarşı öz etiraz səsini ucaldıb".


Qətnamədə Azərbaycan əleyhinə qeyd olunan sanksiyalara çağırışlara gəlincə, ekspert bildirib ki, onların hamısı böyük ittihamlardır: "Əslində Avropa Parlamenti bu gün öz üzərinə düşən konkret məsələlərlə məşğul olmalıdır. Bu gün Avropa İttifaqı ölkələrinə yüz minlərlə qaçqın Yaxın Şərq ölkələrindən və Şimali Afrikadan gəlməkdədir. Onlar niyə gəlirlər? Həmin şəxslərin öz yurd yuvalarını tərk etməsinə səbəb nədir? Səbəb xarici hərbi müdaxilə və təcavüz siyasətidir. Bir çox hallarda Avropa İttifaqı ölkələrinin özləri də bu prosesdə iştirak ediblər. Həmin ölkələrin liderləri bugünkü regionda Şimali Afrikada, Yaxın Şərqdə yaranmış bu xaotik proseslərə imza atıblar. Gedib bu problemlərin həlli ilə məşğul olsunlar. Həmçinin artıq milyona yaxınlaşan qaçqınların total şəkildə pozulmuş hüquqları ilə bağlı işlər görsünlər. Özlərində mətbuat nümayəndələri və vətəndaş cəmiyyətinin üzvləri çox ciddi təzyiqlərə üz-üzə qalırlar. Gedib onları araşdırsınlar. Bu işləri görmək əvəzinə Azərbaycan əleyhinə hər cür absurd və gülünc sayılan qətnamə qəbul edə bilirlər. Bütün bunlar reallıqdır. Azərbaycan ictimaiyyəti də bunu çox yaxşı bilir".

Sevinc Yasinqızı
AzNews.az