Sürücülük vəsiqələrinin verilməsində yeni xidmət

22 Oktyabr 2012 08:28 (UTC+04:00)
Nazirlər Kabineti elektron xidmət növlərinin siyahısını yeni redaksiyada təsdiq edib.

Yeni siyahıya əsasən, Xarici İşlər Nazirliyi Azərbaycana səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların verilməsi, xarici müxbirlərin akkreditasiyası, xaricdə yaşayan azərbaycanlıların və Azərbaycan Respublikasının ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinin qəbulunu elektron formada həyata keçirəcək.

Daxili İşlər Nazirliyi xidməti və mülki silahın qeydiyyata alınması, xüsusi icazənin verilməsi, müxtəlif növ möhürlərin və ştampların hazırlanmasına xüsusi razılığın verilməsi, qeyri-dövlət (özəl) mühafizə fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi, mülkiyyətçilərin əmlakının mühafizəyə götürülməsi, sürücülük vəsiqəsinin verilməsi, nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsi kimi məsələlərlə bağlı ərizələrin qəbulunu elektron formada həyata keçirəcək.

Ümumvətəndaş pasportunun dəyişdirilməsi üçün müraciətin və sənədlərin qəbulu, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin şəxsiyyət vəsiqələrinin və onların ölkə hüdudlarını tərk etmək üçün şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi, daxili işlər orqanlarında xidmətə qəbul, məhkumluq barədə arayışların verilməsi, uşaq bağçalarına və yay istirahət düşərgələrinə yollayışların verilməsi üçün sənəd qəbulunu yeni formada həyata keçirəcək.

Ədliyyə Nazirliyi qeydiyyat orqanları və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının aparılması, Azərbaycan adları barədə məlumatın verilməsi, qeydiyyata alınmış vətəndaşlıq vəziyyəti aktları ilə bağlı sənədlərin verilməsi kimi məsələlərlə bağlı elektron xidmət göstərəcək. Elektron xidmət göstərən qurumların siyahısında digər nazirlik və komitələrin də adları var.

Elnarə Əlosmanqızı
AzNews.az