“Bizə “böyük qardaş“ lazım deyil“- Aqil Abbas qətnamədən danışdı

11 Sentyabr 2015 19:47 (UTC+04:00)

AzNews.az Modern.az-a istinadən xəbər verir ki, məlum qətnamə barəsində danışan millət vəkili Aqil Abbas deyib ki, Avropa Parlamenti həmişə Azərbaycana qarşı təzyiq formasından istifadə edib: "Avropa Parlamenti Azərbaycan əleyhinə yeni qətnamə qəbul edib. Guya insan haqları pozulur. Əslində məsələnin mahiyyəti başqadır. Avropa Parlamenti ölkədəmizdə keçiriləcək parlament seçkiləri ərəfəsində yenidən Azərbaycanın nüfuzuna xələl gətirmək üçün belə bir addım atır. Azərbaycan heç Avropa Parlamentinin üzvü də deyil. Əvvəlcə bizi ora qəbul etsinlər, sonra başlasınlar qərar qəbul etməyə".

A.Abbas Azərbaycan Milli Məcılisinin bu məsələyə hüquqi qiymət verəcəyini bildirib: "Millət vəkilləri parlamentin növbəti iclasında Avropa Parlamentinin bu qətnaməsinə etiraz ünvanlayacaq".

Millət vəkili deyib ki, onlar Azərbaycana qarşı bu cür təzyiq vasitələrindən əl çəkməlidir: "Nəinki Avropa Parlamenti, Avropanın bir çox insitutları var ki Azərbaycana qarşı həmişə ikili standartla yanaşırlar. Azərbaycanın daxili işlərinə qarışırlar. Kimsə öz əməlinə görə həbs olunubsa, Avropa Parlamentinin nə ixtiyarı var bizdən tələb etsin ki, onları azad edin. Azərbaycan dövlətinin adından çıxarılan məhkəmə qərarlarını etibarsız saymağa onların nə ixtiyarı var ki?! Bu adamların cinayət əməli sübut olunub və onlar haqqında müvafiq məhkəmə hökmü çıxarılıb. Bir adam siyasətçi və ya jurnalistdirsə, onun toxunulmaz olması ilə bağlı hansısa Avropa ölkəsində qanun yoxdur. Nə Avropa Parlamenti nə də hər hansı siyasi institut Azərbaycanın daxili işlərinə qarışa bilər. Tövsiyə verə bilərlər, amma tələb əsla. Avropa özünü normal tərəfdaş kimi aparsın. Bizə "böyük qardaş", yeni Kreml lazım deyil".

Qətnamədə qeyd olunan korrupsiya hallarından danışan A.Abbas deyib ki, Azərbaycanda şəffaflıq mühiti hökm sürür: "Azərbaycanda Korrupsiya ilə Mübarizə İdarəsi fəaliyyət göstərir. Son zamanlar da korrupsiyaya qurşanmış şəxslərlə bağlı cinayət işi qaldırılıb. Dövlətin korrupsiyayla mübarizə ilə bağlı hazırlanmış konsepsiyası var. Azad olunmasını tələb etdikləri insanlar özləri elə korrupsiyaya görə həbs olunublar".