Məkkədə aşan kranın sahibi ben Laden ailəsi imiş

12 Sentyabr 2015 22:03 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, nəşrin yazdığına görə, zəvvarların üzərinə aşan kran Saudi BinLaden Group tikinti firmasını idarə edən alman kompaniyasına məxsusdur. Ölkənin tikinti bazarında inhisarçı olan bu firmanın əsası 1931-ci ildə "Əl-Qaidə"nin eks-liderinin atası Məhəmməd ben Laden tərəfindən qoyulub.

Ben Laden Səudiyyə Ərəbistanında hörmətli familiyadır. Bu familiyanı daşıyanlar arasında milyarderlər və kralın yaxın dostları var. Bir nömrəli terrorçunun 600-ə yaxın qohumunun olduğu bildirilir.

Xatırladaq ki, kranın aşması nəticəsində 107 nəfər həlak olub, 238 nəfər yaralanıb. Ölənlər arasında iki türk zəvvar da var.