Ukraynadan Azərbaycana dəvət

22 Oktyabr 2012 10:14 (UTC+04:00)
Azərbaycan Ukrayna tərəfindən bu ölkədə helikopterlərin istehsalı proqramlarına dəvət alıb.

APA-nın hərbi mənbələrinə istinadən verdiyi məlumata görə, bunlardan birincisi "Mi-24" helikopterinin bazasında yeni hücum helikopterinin "Mi-24PU1", digəri isə "Mi-8MSB" adlı çoxməqsədli helikopterin istehsalı layihəsidir.

Hər iki proqram barədə Ukraynanın müvafiq strukturları Azərbaycan tərəfi üçün təqdimatlar keçirib və ilkin danışıqlar aparılıb. Hazırda Ukrayna Azərbaycan tərəfinin cavabını gözləyir.

"Mi-24PU1" adlandırılmış hücum helikopterinin sınaqları bu ilin yay aylarında yekunlaşıb.

"Mi-24" helikopterlərinin dərin müasirləşdirilmiş versiyası olan "Mi-24PU1" yüksək dağlıq ərazilərdə döyüş aparmaq üçün nəzərdə tutulur. Onlar həmçinin yüksəldilmiş döyüş tətbiq etmə imkanlarına malikdir.

"Mi-8MSB" tipli helikopterin sınaqları isə bu yaxınlarda başa çatıb. Bu helikopter əsasən şəxsi heyətin daşınması, yaralıların təxliyəsi üçün nəzərdə tutulur.


AzNews.az