Nazir müavini: “Təhlükə yoxdur”

22 Oktyabr 2012 10:37 (UTC+04:00)
"Xarici ölkələrdə təhsil almaq üçün göndərilən azərbaycanlı tələbələrin ölkəyə qayıtmaması kimi bir təhlükə yoxdur". Bunu AzNews.az-a açıqlamasında Təhsil nazirinin müavini Qulu Novruzov deyib.

Nazir müavini bildirib ki, ölkəmizə qayıtmayan məzunlar xaricə göndərilən tələbələrin cüzi hissəsini təşkil etdiyindən vəziyyətlə bağlı narahatlığa heç bir əsas yoxdur: "Qayıtmayan məzunların sayı çox azdır. Bu məsələ ilə bağlı bəzən mətbuatda doğru olmayan fikirlər səsləndirilir. Məlumat üçün bildirim ki, bu şəxslərin bir çoxu təhsillərini sonrakı pillələrdə davam etdirmək üçün xarici ölkədə qalırlar. Biz özümüz də tələbələrimizin təhsillərini sonrakı pillələrdə də davam etdirməsinin tərəfdarıyıq".

Q.Novruzov Azərbaycana qayıtmayan məzunların həmin ölkədə Azərbaycanı tanıtmaq, diaspor fəaliyyətini genişləndirməkdə yardımçı olduğunu da vurğulayıb: "Yeni Zellandiyada bir magistr qızımız vardı. Təhsilini başa vurduqdan sonra həmin ölkədə Azərbaycanın nar şirəsinin satışı ilə məşğul olan böyük bir şirkətdə menecer kimi işə dəvət olunub. Bu da Azərbaycanı tanıtmağın bir yoludur".

Elnarə Əlosmanqızı
AzNews.az