Azərbaycan “Avronest“dən çıxdı - Üzvlərin ölkəyə girişinə qadağa qoyulur

14 Sentyabr 2015 17:58 (UTC+04:00)


AzNews.az-ın məlumatına görə, qərarda qeyd olunur ki, Avropa Parlamentinin qətnaməsi Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının son dərəcə təhqiramiz xarakter aldığını göstərir.

Qərarda o da bildirilir ki, Avropa Parlamenti ötən ilin sentyabr ayında yeni tərkibdə fəaliyyətə başlayandan onun rəhbərliyi üzündən Azərbaycanla əməkdaşlıq baş tutmayıb, Avropa Parlamentinin sədri deputatların Azərbaycana səfərlərinə qeyri-rəsmi qadağa qoyub.

Qeyd edilir ki, qətnamədə Azərbaycana qarşı irəli sürülən tələblər heç bir hüquqi əsasa malik deyil. Ötən il formalaşan yeni tərkibindən sonra Avropa Parlamentinin sədrinin qərəzli münasibətinə görə deputatların Azərbaycana gəlməsinə qadağa qoyulub. Azərbaycanla bu təşkilat arasında normal dialoq mümkün olmayıb. Avropa Parlamentinin sədri Martin Şults ələbaxan qrupların fəaliyyətinə göz yumur.

Bildirilir ki, indi Avropada davam edən mühacir problemi, irqçilik və ksenofobiya pik həddinə çatıb, beynəlxalq hüquq normaları tapdalanıb. Avropa Parlamenti bütün qətnamələrində guya Avropa məhkəmələrinin çıxardığı qərarlara söykənir. Amma həmin Avropa Məhkəməsidir ki, bir müddət əvvəl "Çıraqov qardaşları Ermənistana qarşı" işlə bağlı qərar qəbul etsə də, hələ də icra edilməyib. İndidən Azərbaycanda keçiriləcək seçkilərin nəticələrini şübhə altına almağa çalışırlar. Bu da Azərbaycan seçicilərinin iradəsinə ziddir. Milli Məclis Avropa Parlamentinin nəzərinə çatdırır ki, insan hüquq və azadlıqlarını həmişə qoruyacaq, demokratik prinsiplərə söykənəcək.

Qərarda daha sonra deyilir: "Şərh edilənləri nəzərə alaraq Milli Məclis qərar qəbul edir:

- Pozucu fəaliyyətlərə son qoyulsun;

- Ölkəmizə qarşı qərəzli kampaniyalardan əl çəksin;

- Azərbaycana qarşı konstruktiv addımlar atılsın;

- Avropa Parlamentinin nüfuzuna xələl gətirən fəaliyyətin qarşısı alınsın;

- Azərbaycan nümayəndə heyətinin "Avronest" Parlament Assambleyasının iclaslarında iştirak edilməsinə son qoyulsun, fəaliyyəti dayandırılsın;

- Nazirlər Kabinetinə tapşırılsın ki, Azərbaycanın məsul şəxsləri ilə bağlı sanskiya tətbiq olunacağı təqdirdə Avropa Parlamenti üzvlərinin Azərbaycana girişinə qadağa qoyulsun".


Qərar səsə qoyularaq qəbul edilib.