Rusiya və Türkiyə arasında gərginlik - Moskva “Türk axını“ layihəsini təxirə saldı

14 Sentyabr 2015 23:29 (UTC+04:00)

AzNews.az-ın Anspress-ə istinadən məlumatına görə, Rusiyanın neft-qaz şirkəti "Qazprom"un sədr müavini Aleksandr Medvedyev bu barədə açıqlama verib.

Layihənin 2016-cı ilin dekabr ayına qədər tamamlanması planlaşdırılırdı.

Aleksandr Medvedyev bildirib ki, boruların düzülməsi prosesi hələ başlamadığı üçün layihəni planlaşdırılmış vaxtda başa çatdırmaq mümkün olmayacaq. "Qazprom" rəsmisi layihənin nə vaxta təxirə salınması məsələsinə də aydınlıq gətirməyib.

Ekspertlər layihənin Türkiyədə yaşanan siyasi böhranla əlaqədar təxirə salındığını bildiriblər. Onların sözlərinə görə, Moskva Ankarada fəaliyyət göstərən müvəqqəti hökumət ilə razılaşma əldə edə bilməz.


"Türk axını" layihəsi

Artıq bir müddətdir ki, Rusiya və Türkiyə "Türk axını" layihəsi ilə bağlı razılığa gələ bilmirlər. Daha əvvəl Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız layihə ilə bağlı bildirmişdi ki, Ankara təbii qazın birgə çatdırılması sisteminin yaradılmasında maraqlıdır: "Bu məsələ ilə bağlı prinsipial razılaşma əldə olunmuşdu, lakin Rusiya geri çəkildi. "Türk axını" layihəsi həm Moskvanın, həm də Ankarının maraqlarına cavab verməlidir. "Bizim maraqlarımızı təhdid edən güzəştlərə getməyəcəyik. Problem təbii qazın güzəştlərlə verilməsi ilə həll oluna bilməz".

Xatırladaq ki, "Türk axını" layihəsinin həyata keçirilməsi ilə bağlı qərar Rusiyanın "Cənub axını" layihəsi üzrə inşaat işlərinin dayandırılmasından sonra verilmişdi. Rusiya rezidenti Vladimir Putin 2014-cü il dekabr ayında Ankaraya səfəri zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmüşdü. Putin Ukrayna böhranı ilə bağlı Avropa Birliyinin mövqeyinə görə Ankarada bəyan etmişdi ki, "Türk axını" layihəsi həyata keçiriləcək.


Rusiya prezidenti Vladimir Putin Türkiyədə səfərdə olarkən

Yunansıtan "Türk axını"na qoşulmaqda tərəddüd etsə də sonra Rusiya "Türk Axını" boru xətti layihəsinin Yunanıstana qədər uzadılması üçün Afina ilə hökumətlərarası razılaşma imzaladı.

Razılaşmasının əldə olunması üçün Putin Yunanıstanın baş naziri Aleksis Tsiprasla birbaşa danışıqlar aparmışdı.

"Türk axını" vasitəsilə bir il ərzində 60 milyard kubmetr qazın nəql edilməsi nəzərdə tutulub.


"Cənub axını"nın yerinə "Türk axını"nın olması planlaşdırılıb