Həkimlər gənc yazarın anasını neçə manata öldürdü?

15 Sentyabr 2015 11:13 (UTC+04:00)

Həkimlər anamın ayağının soyuqladığını bildirib, müalicə yazdılar. Dərmanlara 50 manat verdim. Amma bu müalicə kursunu keçsə də, səhhətində müsbətə doğru heç bir irəliləyiş olmadı. Əksinə, müalicədən sonra anamın belində də ağrılar başladı və bu dəfə onu Cəlilabad rayonunda yerləşən Diaqnostika Mərkəzinə apardıq. Tibb müəssisəsində anamın belini yoxlayarkən həkimlər bir şey anlamadıqlarına görə bizə bildirdilər ki, Bakıya gedin və orada xəstənin belini dəqiq yoxlatdırın, bizim müəssisədə elə bir aparat yoxdur ki, dəqiq diaqnoz qoya bilək. Burada bu xəbəri bizə deyən həkimlərə 50 manat ödədik.

Bakıya, "Grant Hospital"a gəldik, neyrocərrah Sənan həkimlə görüşdük. Sənan həkim anamın belini yoxlatdırmaq üçün bizi "Gənclik" metrosu yaxınlığında yerləşən "Bakı klinikası"na göndərdi. Orada anamın beli MRT müayinəsindən keçirildi. Bunun üçün klinikaya 125 manat ödədim. Sonra Sənan həkimin yanına qayıtdıq və həkim cavablara baxdıqdan sonra bildirdi ki, anamın belində "qrija", yəni on milli onurğa yırtığı var. Amma bunun qorxulu bir şey olmadığını, müalicə ilə düzələcəyini dedi.

Sənan həkim də anama müailcə yazdı və biz həmin dərmanları alaraq anamı rayona apardıq. Bu dəfə reseptə 100 manata yaxın pul verdim.

Müalicə başa çatdı, amma anamda ağrılar elə əvvəlki kimi qalmışdı. Biz yenidən Sənan həkimin yanına gəldik.

Sənan həkim bizi N.Nərimanov rayonunda yerləşən "Türk Amerikan Medical Center" klinikasında öz həkim yoldaşı olan neyrocərrah Əliosman Qədimbəylinin yanına yolladı. Burada Əliosman həkim MRT nəticələri ilə tanış olduqdan sonra bildirdi ki, xəstə 15 gün masaj olunmalı və fizioterapiyadan keçməlidir.

Həkimin izahından sonra belə məlum oldu ki, anamın onurğa sümüyündəki çıxıntılar sinir damarını sıxır və bu da xəstəyə şiddətli ağrılar verir. Anam həkimin dediyi kimi, 15 gün müalicə olundu və bu, müsbət təsir etdi: anam dözülməz ağrılardan az da olsa canını qurtara bildi. 15 günlük müalicə zamanı hər gün klinikaya 37 manat pul köçürdüm. Bu da ümumilikdə 555 manat elədi.

Bundan sonra anamı yenidən rayona, öz evimizə qaytardıq. Amma çox keçmədi, yenə şiddətli ağrıların əsiri oldu. Anam bildirdi ki, həm belində, həm də sağ ayağının sümüyündə ağrılar var. Ağrıdan səhərə qədər qışqırırdı və vurulan ağrıkəsici iynələrin heç biri təsiri olmurdu.

Kənddəki ailə həkimimizin məsləhəti ilə bizi əslən Cəlilabad rayonundan olan, hazırda Bakıda işləyən neyrocərrah Cəmil həkimlə tanış etdilər. Anamı yenidən Bakıya gətirdik. Anamın beli yenidən MRT olundu, yəni aparata salındı. Bu dəfə artıq anamın belində beş yerdə yırtıq göründü. Cəmil həkim bildirdi ki, xəstə təcili əməliyyat olunmalıdır.

Beləliklə, Cəmil həkim anamı iyulun 9-da Batamdarda yerləşən "Caspian Hospital" klinikasında əməliyyat etdi. Əməliyyat üçün klinikaya 700 manat pul ödədim. İki gündən sonra sevinə-sevinə anamı rayona apardıq ki, bundan sonra yaxşı olacaq.

Əməliyyat olunandan beş gün sonra anamın yenə dözülməz ağrıları başladı. Bunu Cəmil həkimə bildirdikdə isə həkim dedi ki, bu normaldır və əməliyyatdan sonra ağrılar olmalıdır. Amma bel yırtığından əməliyyat olunan bir neçə qonşu bizə gələrək, anama bildirdilər ki, bizdə belə ağrılar olmayıb.

Avqustun əvvəllərində anamı halsız vəziyyətdə yenidən Cəmil həkimin yanına gətirdim. Cəmil həkim anama iki həftəlik müalicə yazdı. İynə və dərmanlara 60 manat pul ödədim. Anama vurulan qan iynələrindən sonra şiddətli ağrılar sakitləşməyə başladı. Cəmil həkim özü Türkiyəyə getdi və bildirdi ki, avqustun 20-dən sonra Bakıda olacaq. Bu vaxt ərzində biz onunla telefonla əlaqə saxladıq...

Anamın vəziyyəti pisləşdi və Cəmil həkim Türkiyədə olduğuna görə anamı müalicə edən Əliosman Qədimbəylinin yanına gətirdik. Əliosman həkim bildirdi ki, qan analizi verilməlidir. Anamın əməliyyat olunduğunu biləndə isə təəssüfləndi ki, əməliyyata ehtiyac yox idi.

Anam qan analizi verdi və analiz üçün klinikaya 118 manat ödədim. Analizin cavabını aldıqdan sonra Əliosman həkim cavablarla tanış oldu və bildirdi ki, bu, xərçəngin əlamətləridir. Bu diaqnozu dəqiqləşdirmək üçün bizi N.Nərimanov rayonunda yerləşən "MediStyle Klinikası"na yolladı.

Avqustun 17-də burada anam dörd aparatdan keçdi. Bütün bunlar üçün klinikaya 455 manat ödədim. Avqustun 18-də cavabları alıb Əliosman həkimin yanına gəldim. Həkim bildirdi ki, anamın qanında myeloma xəstəliyi - yəni, qan xərçəngi və həmçinin onurğa sümüyündə də xərçəng xəstəliyi var. Xəstəlik sürətlə yayılır və anamın nə qədər yaşayacağı məlum deyil. Səhəri gün, yəni, avqustun 19-da səhər saatlarında anam 49 yaşında dünyasını dəyişdi…

Yəqin anladınız ki, anamda ilk gündən xərçəng xəstəliyi olub. Əgər vaxtında doğru diaqnoz qoysaydılar və müalicə də bu istiqamətdə getsəydi, ən azı, "onurğa yırtığı" adı ilə xərçəng xəstəsini əməliyyata götürməsəydilər, anam indi də yaşayırdı. Savadsız həkimlərin pul hərisliyi anamın dünyadan vaxtsız köçməsinə səbəb oldu.

Bunları nəyə görə yazdım? Yazdım ki, bəlkə, eyni situasiyada olan kimlərinsə gözünə bu yazı sataşar və bəlkə də eyni vəziyyətdən daha doğru nəticə çıxarmağa onlara yardımçı olaram.

Ana müqəddəsdir, müqəddəslərimizi tamah naminə əlimizdən alan cahil həkimlərdən görəsən, kimə sığınaq?


Qeyd: Gənc şair Vasif Əlihüseynin anası Şəlalə Əlihüseynova avqustun 19-da 49 yaşında dünyasını dəyişib. (Axar.az)

Allah rəhmət eləsin!