“Bilik günü” Nərimanovda belə qeyd edildi - FOTOLAR

15 Sentyabr 2015 11:48 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yeni dərs ilinin başlanması və "Bilik günü" ilə əlaqədar rayon ərazisində yerləşən Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 5 nömrəli Respublika Xüsusi İnternat Məktəbində tədbir keçirilib.

Tədbiri məktəbin direktoru İradə Vəzirova giriş sözü ilə açıb.

Daha sonra Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək məktəbdə təhsil alan şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıb.



A.Fərzəliyev mərhum prezident Heydər Əliyevin respublikada təhsilin tərəqqi və inkişafı istiqamətində apardığı köklü islahatları diqqətə çatdırıb, müasir tələblər səviyyəsində və yüksək standartlara cavab verən yeni-yeni təhsil müəssisələrinin inşasından, uşaqlara, gənc nəslə dövlət tərəfindən göstərilən qayğıdan danışıb, eyni zamanda ölkə prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müəyyən fiziki məhdudiyyətləri olan uşaqları daim diqqət mərkəzində saxladığını xüsusilə vurğulayıb.

Daha sonra Milli Məclisin deputatı Adil Əliyev və digər çıxışçılar nitq söyləyiblər.



Onlar fiziki məhdudiyyətləri olan uşaqlar üçün yaradılan şəraitdən məmnunluqlarını ifadə ediblər.

Sonda internat məktəbinin şagirdlərinə Heydər Əliyev Fondunun hədiyyələri – məktəbli geyimləri və dərs ləvazimatları təqdim edilib.



Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbərliyi, məktəbin müəllim-şagird kollektivi və valideynlər iştirak ediblər.

Qeyd edək ki, 2014/2015-ci tədris ilində Nərimanov rayonu üzrə orta məktəbləri bitirənlərin sayı 1698 nəfərdir. 5 nəfər şagird məktəbi qızıl medalla bitirib. 2015-ci ildə ali məktəblərə qəbul imtahanlarında 600 baldan yuxarı toplayan şagirdlərin sayı 90 nəfər, bunlardan 650 baldan yuxarı toplayan şagirdlərin sayı isə 30 nəfərdir.