Misir Mərdanov 65 yaşlı müəllimlərdən danışdı

22 Oktyabr 2012 11:04 (UTC+04:00)
"Müəllimlərin yaş senzi ilə əlaqədar yaranan problemlərə həssas yanaşılmalı, gənc kadrlara şərait yaradılmalı, yaşlı müəllimlərin fəaliyyəti isə bacarıq və qabiliyyətlərinə görə tənzimlənməlidir". Bu fikri Gədəbəy rayonunda Qazax, Ağstafa, Gədəbəy, Tovuz, Daşkəsən və Şəmkir rayonlarının təhsil işçilərinin iştirakı ilə keçirilən zona müşavirəsində Təhsil naziri Misir Mərdanov bildirib.

Gədəbəy rayon İcra Hakimiyyətini başçısı Ramiz Yediyarovun da iştirak etdiyi müşavirədə nazir şagird-müəllim nisbəti məsələsinə toxunub. M.Mərdanov bu problemin ciddi xarakter daşıdığını və dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, respublikamızda da rasionallaşdırmaya ehtiyac duyulduğunu bildirib.

Təhsilin keyfiyyətinin artırılması və yüksək nəticələr əldə olunması üçün rayon mərkəzlərində nümunəvi liseylərin yaradılmasının vacibliyini vurğulayan Misir Mərdanov həmin təhsil müəssisələrinə ən yaxşı müəllimlərin və xüsusi istedada malik olan şagirdlərin cəlb edilməsinin əhəmiyyətli olacağına inamını bildirib.

Elnarə Əlosmanqızı
AzNews.az