Nazirliyin dandığı diplomat barədə səfirlikdən – Açıqlama

15 Sentyabr 2015 16:10 (UTC+04:00)

AzNews.az xəbər verir ki, səfirliyin yaydığı məlumata görə, N.Cəfərovun fəaliyyətinə qanunun tələblərinə uyğun olaraq xitam verilib və sözügedən şəxs artıq Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyində çalışmır: "Son zamanlar mətbuatda Azərbaycanın Niderland Krallığındakı Səfirliyinin üçüncü katibi Nahid Cəfərovun diplomatik xidmətdə fəaliyyətinə xitam verilməsi barəsində məlumat bəzi bloq və ya portallar tərəfindən təhrif olunmuş formada təqdim edilib. Xaricdəki diplomatik nümayəndəliklərin əməkdaşlarının ümumi siyahısında Niderlanddakı Səfirliyin əməkdaşı kimi N.Cəfərovun adının göstərilməsinə gəldikdə isə bildiririk ki, rotasiya qaydalarına uyğun olaraq dövrü əsasda bu siyahı yenilənlir. Bəzi bloq və ya portalların 2015-ci ilin əvvəlinə aid köhnə siyahıya istinad edərək, ictimaiyyətə yanlış məlumat vermək cəhdləri düzgün deyil.

Diplomatik xidmətdə fəaliyyətinə xitam verilmiş hər bir şəxs kimi N.Cəfərov da öz yaşayış yerini seçməkdə sərbəstdir"
.

Qeyd edək ki, Azərbaycanın Niderland Krallığındakı səfirliyinin konsulu Nahid Muxtar oğlu Cəfərov tutduğu vəzifədən azad edilib.

Konsul vəzifəsindən kənarlaşdırılandan sonra, Bakıya, Xarici İşlər Nazirliyinə dəvət olunub. O, isə Bakıya gəlməkdən imtina edib və Niderland Krallığından sığınacaq istəyib.

Xarici İşlər Nazirliyi isə sistemlərində bu adda diplomatın çalışmadığını bildirmişdi.

Ətraflı məlumatı BURADAN oxuya bilərsiniz.

AzNews.az