DAK bəyanat yaydı

15 Sentyabr 2015 16:48 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bəyanatda deyilir:

Sentyabrın 15-i Bakının işğaldan azad olunduğu gündür. 97 il bundan əvvəl - 1918-ci il, sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Belə ki, 1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi.

Belə bir şəraitdə özünün çox ağır durumda olmasına baxmayaraq Osmanlı Türkiyəsi qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru Paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərdi. Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq Osmanlı Türkiyəsi 1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi. Sentyabrın 15-də Bakının və digər rayonların türk əsgərlərinin şücaəti və qanı bahasına azad olunması ilə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti öz hakimiyyətini ölkənin bütün hüdudlarında təmin etdi. Nuru Paşa sentyabrın 16-da parad qəbul edərək təntənəli şəkildə şəhərə daxil oldu. Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunmuş, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub. Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir.

Qəhrəman türk əsgərlərinin şücaəti və qanı bahasına Bakı və digər rayonların azad olunması ilə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti öz hakimiyyətini ölkənin bütün hüdudlarında təmin etdi. Bununla da 1918-ci ilin martından başlayaraq erməni daşnaklarının və bolşeviklərin Bakıda və Azərbaycanın digər bölgələrində birgə həyata keçirdikləri qanlı qırğınlara və özbaşınalığa son qoyuldu. Məlum olduğu kimi, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı siyasətinin əsas məğzi xalqımızı cismən məhv etmək və "Böyük Ermənistan" xülyasını gerçəkləşdirmək idi. Amma türk qardaşlığı bu mənfur planın reallaşmasına imkan vermədi.

Möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürüldü. Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verildi, bir neçə ay sonra isə parlamentə demokratik qaydalar əsasında seçkilər keçirildi.

1918-ci il sentyabrın 15-də Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir. 70 illik sovet hakimiyyəti illərində bu hadisənin məqsədyönlü olaraq yanlış kontekstdə izah olunmasına baxmayaraq Azərbaycan xalqı türk əsgərinin qəhrəmanlığını heç vaxt unutmadı, onu qəlbində yaşatdı.

97 il öncə Azərbaycan və Osmanlı türkləri dünya imperalizminin qarşısında çiyin-çiyinə durdular və öz istiqlallarını qəbul etdirdilər. Bu gün də oxşar siyasi proseslərin içindəyik. Təəssüf ki, bəziləri milli dəyərə çevrilən şəxsiyyətləri və hadisələri gözdən salmağa çalışır. Nuru Paşanın rəhbərliyi ilə Türk İslam Ordusunun Bakını azad etməsi tarixinə nəzər salsaq, illər ötdükcə bu hadisənin Azərbaycanın müstəqillik tarixində nə qədər böyük rol oynadığı aydın dərk olunur. Bakının azad olunması nəinki Azərbaycanın, bütün Qafqazın siyasi həyatında əhəmiyyətli rol oynayıb. Türkiyə-Azərbaycan münasibətlərinin tarixində Türk İslam Ordusunun Azərbaycana gəlişi qızıl səhifədir. Bu bizim xalqlarımızın birliyini bütün dünyaya göstərən bir hadisə idi. Əgər Türk İslam Ordusu olmasaydı, bu gün Bakı Dərbənd kimi bir rus şəhəri olardı. Əgər Bakı işğaldan azad olunmasaydı, Azərbaycan dövləti indiki sərhədləri daxilində mövcud ola bilməzdi. Zaman, illər keçsə də, Nuru Paşanın komandanlığı altında Bakıya gələn ordunun qəhrəmanlığı, tariximizdəki, bütövlüyümüzdəki rolu və Azərbaycanın bugünkü sərhədlər içərisində dövlət qurmasında oynadığı mühüm rol heç vaxt unudulmayacaq.