VHP üzvləri Türk Şəhidliyini ziyarət etdilər

15 Sentyabr 2015 17:39 (UTC+04:00)

Partiyanın mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, tədbirə VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli, MNTK sədri Felmar Ələkbəri və VHP sədrinin müavini Yusif Salmansoy, deputatlığa namizəd Əli Hacı, rayon təşkilat sədrləri, gənclər qatılıblar.

VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli çıxış edərək bildirib ki, özünün çox ağır durumda olmasına baxmayaraq, Osmanlı Türkiyəsi qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru Paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərib. Nəticədə, sentyabrın 15-də Bakı türk əsgərlərinin şücaəti və qanı bahasına erməni daşnaklarından azad olunub. S.Əsədli Bakının erməni-bolşevik işğalından azad edilməsinin XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən olduğunu xatırladıb.

VHP MNTK sədri Felmar Ələkbərli isə qeyd edib ki, Bakının işğaldan azad olunması ilə erməni daşnaklarının və bolşeviklərin Bakıda və Azərbaycanın digər bölgələrində həyata keçirdikləri soyqırıma, etnik təmizləməyə son qoyuldu: "Məlum olduğu kimi, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı siyasətinin əsas məğzi xalqımızı cismən məhv etmək və "Böyük Ermənistan" xülyasını gerçəkləşdirmək idi. Amma türk qardaşlığı bu mənfur planın reallaşmasına imkan vermədi".

Tədbirdə çıxış edənlər Bakının işğaldan azad olunduğu tarixi iki türk cümhuriyyətinin terrorizmə qarşı birgə mübarizəsinin simvolu adlandırıblar və təəssüflə qeyd ediblər ki, bu gün Türkiyə 100 il əvvəl olduğu kimi, yenə də beynəlxalq güclərin siyasəti nəticəsində terrorla üz-üzədir.