“Mənim üçün Avropa Parlamentinin qətnaməsi kağız parçasından artıq deyil“- Prezident

15 Sentyabr 2015 19:09 (UTC+04:00)
AzNews.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Çex Respublikasının Prezidenti Miloş Zeman ilə Bakıda keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Prezident İlham Əliyev daha sonra bildirib: "Biz bilirik ki, bunun arxasında hansı qüvvələr dayanır. Bu qüvvələr bundan əvvəl dəfələrlə Azərbaycana qarşı əsassız ittihamlar irəli sürüblər, bizi şantaj ediblər. Onların yeganə məqsədi ondan ibarətdir ki, inkişafda olan, müasir, müstəqil siyasət aparan, tolerant, multikulturalizmin vətəni olan Azərbaycanı ləkələsinlər, gözdən salsınlar və Avropada Azərbaycan haqqında yanlış, tamamilə həqiqətəzidd bir rəy yaratsınlar. Burada əlbəttə ki, erməni lobbisinin rolunu da görürük və hesab edirəm ki, Avropanın müvafiq hüquq-mühafizə orqanları Avropa Parlamentinin bəzi üzvləri ilə erməni lobbiçiləri arasındakı gizli əlaqələri də araşdırsalar, pis olmaz".

İlham Əliyev qeyd edib ki, Azərbaycana qarşı bu çirkin əməllərdə fəal iştirak edən deputatların bəziləri bu vaxta qədər dəfələrlə qanunsuz olaraq işğal edilmiş, Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağa səfərlər ediblər və beləliklə, Azərbaycan qanunlarını kobudcasına pozublar: "Eyni zamanda bir də demək istəyirəm ki, bu gün əfsuslar olsun ki, Avropa məkanında, xüsusilə Avropa Parlamentində antiazərbaycan qruplaşması yaranıb və bu qruplaşma əlindən gələni etməyə çalışır ki, Azərbaycanı gözdən salsın, Azərbaycanın imicini ləkələsin. Bizim üçün, mənim üçün bir Prezident kimi Avropa Parlamenti tərəfindən qəbul edilmiş qətnamə kağız parçasından artıq deyil. Mən buna əhəmiyyət vermirəm və əlbəttə ki, bunu pisləyirəm. Ancaq bu qətnamə bizim iradəmizə heç bir təsir etməyəcək, bizim tutduğumuz mövqeyə heç bir təsir etməyəcək. Azərbaycanı özünə ram etmək istəyən xarici dairələrə də sözüm ondan ibarətdir ki, sizin bütün səyləriniz əbəsdir. Azərbaycanın müstəqil, milli maraqlar üzərində formalaşmış siyasətinə heç bir kənar qüvvə şantaj, böhtan yolu ilə təsir edə bilməz. O ki qaldı Azərbaycan Parlamentinin reaksiyasına, hesab edirəm ki, bu reaksiya gözlənilən idi. Çünki Azərbaycan Parlamenti müstəqil qurum kimi öz rəyini ifadə etdi, deputatların çoxu çıxışlarında öz fikirlərini söylədilər və onların sözündə həqiqətdən başqa heç nə yox idi. Birincisi, kimisə ittiham etməzdən əvvəl sən bir güzgüyə bax. Bu gün bütün dünyanın gözü qarşısında Yaxın Şərqdən Avropaya pənah aparan qaçqınların taleyi göz qabağındadır, bu insanlar xarici müdaxilənin qurbanlarıdır, bu insanların ölkələri dağıdılıb, yerlə yeksan edilib. Bunu kim edib? Xarici qüvvələr bu ölkələri dağıdıb, ölkələrin ərazi bütövlüyünü pozub, yüz minlərlə insanı məhv edib, milyonlarla insan öz yaxınlarını itirib və ondan sonra bu dözülməz şəraitə dözməyən insanlar artıq Avropaya gəlməyə başlayıblar. Və görün bunları Avropada nələr gözləyir? İslamofobiya, irqçilik, ksenofobiya. Budurmu Avropa dəyərləri? Avropa Parlamenti bu məsələlərlə məşğul olsa, daha yaxşı olar".

Dövlət başçısı deyib ki, bu gün Avropa dəyərlərinin sarsıdılması prosesi gedir: "Avropa həmişə bizim bölgədə mütərəqqi, müasir, tolerant bir məkan kimi bizə görünürdü. Ancaq əfsuslar olsun ki, bu gün biz bunu çox nadir hallarda görürük. Aqressiv, başqa ölkələrin işinə müdaxilə edən, tolerantlığı, demək olar ki, itirən dairələr bu gün əfsuslar olsun ki, Avropa Parlamentində və bəzi digər qurumlarda hökmranlıq edirlər. Ona görə bir də demək istəyirəm ki, Azərbaycan Parlamentinin qərarı tam əsaslıdır. "Avronest", bildiyiniz kimi, Avropa Parlamenti ilə "Şərq tərəfdaşlığı" ölkələri arasındakı parlament assambleyası kimi bir qurum olaraq nəzərdə tutulmuşdu. Və əgər hansısa bir ölkə ilə bağlı suallar varsa, "Avronest" çərçivəsində bu suallara baxıla bilərdi. Amma "Avronest" faktiki olaraq bir amorf qüvvəyə çevrilib və heç bir fəaliyyət göstərmir. Belə olan halda təbii ki, Azərbaycan Parlamenti "Avronest"dəki fəaliyyətini dayandırır. Bu, Azərbaycan Parlamentinin suveren hüququdur, eyni zamanda yəqin ki, siz onu da bilirsiniz ki, Avropa Parlamenti ilə Azərbaycan Parlamenti arasındakı əməkdaşlıq da artıq dayandırılıb. Bax budur bizə qarşı aparılan çirkin kampaniyaların nəticələri. Azərbaycan bizə qarşı atılan hər bir addıma adekvat cavab verir və bundan sonra da verəcək".