Rayon qeydiyyatlı maşınların Bakıya buraxılış vaxtı dəyişəcək

16 Sentyabr 2015 12:59 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarına əsasən yay rejimi qrafiki çərçivəsində mayın 1-dən oktyabrın 1-dək səhər saat 07:00-dan axşam saat 22:00-dək yük və rayon qeydiyyatında olan minik avtomobilləri paytaxta buraxılmayacaq, yük və rayon qeydiyyatında olan minik avtomobilləri axşam saat 22:00-dan səhər saat 7:00-a qədər şəhərə daxil ola biləcəklər.

Qış rejimi qrafikinə əsasən, oktyabrın 1-dən mayın 1-dək səhər saat 07:00-dan axşam saat 21:00-dək yük və rayon qeydiyyatında olan minik avtomobilləri paytaxta buraxılmayacaq, axşam saat 21:00-dan səhər saat 7:00-a qədər yük və rayon qeydiyyatında olan minik avtomobilləri şəhərə daxil olacaq.

Gündüz saatlarında kütləsi 5 tondan artıq olan yük avtomobillərinin hərəkəti isə Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası ilə razılaşdırılmaqla, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin xüsusi icazələri əsasında təşkil ediləcək.