Rektorları mandatdan məhrum edən deputat danışdı: “Qanuna ziddir”

16 Sentyabr 2015 13:57 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında bir vaxtlar bu məsələni parlamentdə qaldıran Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov deyib. Onun sözlərinə görə, elm adamları həm rektor, həm də deputat ola bilməz: "Hazırda həm rektor, həm də deputat mandatını daşıyanlar ikisindən birini seçməlidir. Bunu qanun, konstitusiya və seçki məcəlləsi tələb edir. Qanuna hörmət etmək lazımdır. Yəqin ki, Yeni Azərbaycan Partiyası (YAP) bu dəfəki seçkidə qanunun tələbinə uyğun olaraq belə addım atıb. Qanunlarla yaşamaq lazımdır".

Qeyd edək ki, İlyas İsmayılov deputat mandatı rektorlarla bağlı prezident İlham Əliyevə müraciət edib. O, Konstitusiyanın 85-ci maddəsini əsas gətirərək rektorların parlamentdə oturmasını qanunsuz adlandırmış və ölkə başçısından bununla bağlı ölçü götürməyi xahiş etmişdi. İlyas İsmayılovun fikrincə, həmin şəxslər qanunun tələbinə uyğun olaraq ya deputat mandatından məhrum edilməli, ya da tutduqları vəzifədən qeyd-şərtsiz azad olunmalıdırlar: "Konstitusiyanın və Seçki Məcəlləsinin birmənalı tələblərinə baxmayaraq, bu gün Milli Məclisdəki bəzi deputatlar icra sistemlərində və başqa yerlərdə ödənişli fəaliyyətlə məşğul olurlar. Hətta elələri var ki, iki və daha artıq vəzifə tutur. Həmin şəxslərin Milli Məclisin deputatı olması Konstitusiyanın 85 və 89-cu maddələrinin tələbləri ilə daban-dabana ziddir".

Sevinc Yasinqızı
AzNews.az