Ermənilərə verilmiş torpaqlarla bağlı yeni qanun təklifi

16 Sentyabr 2015 23:09 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktor müavini Cəbi Bayramov bildirib.

Tarixçinin sözlərinə görə, 1918-ci ilin 29 mayında Azərbaycan Milli Şurasının qəbul etdiyi və İrəvanın və ətraf torpaqların ermənilərə verilməsini nəzərdə tutan qərar ləğv edilməlidir. Çünki həmin dövrdə Milli Şura qərarın verilməsi üçün xalqdan razılıq almayıb, referendum keçirməyib: "Ona görə də qərar qeyri-qanunidir, onun legitimliyi yoxdur. İkincisi, Azərbaycan Milli Məclisi Zəngəzurun ermənilərə verilməsi qərarı ilə bağlı məsələsini qaldırıb bunu ləğv etməlidir. Çünki bu, Azərbaycan torpağıdır və qərar qeyri-qanunidir".

Rusiyanın 1992-ci ildə müstəqilliyini elan etdiyini deyən C.Bayramov bildirib ki, Rusiya özünün qəbul etdiyi Konstitusiya qanununda sovet hakimiyyəti illərində Rusiyadan başqa dövlətlərə və respublikalara verilən ərazilərin qeyri-qanuni hesab olunması ilə bağlı bənd qeyd edib: "Azərbaycan torpaqları, xüsusilə Zəngəzuru, Göycə ətrafında olan bütün torpaqları ermənilərə sovet hökumətinin təzyiqi ilə veriblər. Azərbaycan xalqının da tam hüququ var ki, sovet dövründə xalqımıza qarşı törədilən cinayətləri, xüsusilə torpaqlarının ermənilərə verilməsi barədə qərarı qeyri-qanuni hesab etsin".

C.Bayramovun sözlərinə görə, Milli Məclis Azərbaycan Respublikasının Konstitusiyasına və 1991-ci il 18 oktyabrda qəbul edilən Konstitusiya qanununa istinad edərək, eyni zamanda Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olması hüququndan istifadə edərək torpaqların verilməsi məsələlərinə öz münasibətini bildirməli və həmin qərarları ləğv etməlidir.

Beynəlxalq hüquqa istinad edən Azərbaycanın buna haqqının çatdığını vurğulayan tarixçi qeyd edib ki, Milli Məclisin deputatları bu məsələ ilə bağlı təşəbbüs göstərməli, bütün Azərbaycan xalqının bununla bağlı müraciəti qəbul olunmalıdır.