Tailand Bakıda diplomatik nümayəndəlik açacaq - Səfir

17 Sentyabr 2015 00:19 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu Trend-ə müsahibəsində Tailandın Azərbaycandakı (iqamətgahı Ankara olmaqla) səfiri Tarit Çarunqvat deyib.

Səfir bildirib: "Təəssüf ki, iki ölkə arasında ticarətin səviyyəsi olduqca aşağıdır və illik 1200 milyon dollardan bir qədər çoxdur. Tailand Azərbaycana müxtəlif məhsullar təklif edə bilər. Tailand məhsulların, meyvələrin və dəniz məhsullarının çeşidliliyi ilə tanınır".

Diplomat Tailandın Azərbaycandan neft və qaz tədarükünün genişləndirilməsinə maraqlı olduğunu vurğulayıb: "Səfirlik kimi azərbaycanlı sahibkarların Tailanda səfərini təşkil edə bilərik. Məqsəd tərəflərin bir-birini yaxşı tanıya bilməsidir".

T.Çarunqvatın sözlərinə görə, Azərbaycana səfəri zamanı Bakıdan Banqkoka aviareyslərin açılması imkanını müzakirə edib: "Bu, əməkdaşlığın möhkəmləndirilməsində vacib element ola bilərdi".

Səfir diqqətə çatdırıb ki, ikitərəfli əlaqələrin bundan sonra dərinləşdirilməsi, eləcə də ölkələr arasında turist axınının artırılması üzərində işləyəcək: "İki ölkənin insanları bir-birilərini yaxşı tanımalıdırlar. Azərbaycan zəngin mədəniyyəti olan gözəl ölkədir, istəyirəm ki, Tailandda Azərbaycan barədə daha çox bilsinlər".

Diplomat əlavə edib ki, yaxın gələcəkdə Tailand Bakıda daimi diplomatik nümayəndəliyini açacaq.

O, I Avropa Oyunlarının uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib: "Bu, Azərbaycanın dünyada daha da tanınmasına xidmət etdi".