Boykot çağırışına kimlər qoşulacaq? - Müxalifət partiyalarından təpki

17 Sentyabr 2015 12:15 (UTC+04:00)
Məsələ ilə bağlı Müsavat partiyasının Divan üzvü Nemət Kərimli AzNews.az-a açıqlamasında bildirib ki, partiya seçkidə iştirakla bağlı qərar versə də, istənilən vaxt boykot məsələsi gündəmə gələ bilər: "Boykot etmək hər hansı bir şəxsin hüququdur. Biz də bu hüquqdan istifadə edə bilərik. Müsavat partiyası parlament seçkisində iştirak etmək haqqında qərar verib. Ancaq seçkinin istənilən mərhələsində proseslə əlaqədar yığışıb məsələni gündəmə gətirib müzakirə edə bilərik".

Azərbaycan Milli İstiqlal Partiyasının sədr müavini Elşən Mustafayev isə qeyd edib ki, qurum parlament seçkilərində sona kimi iştirak edəcək: "Gedişlər bu ilki parlament seçkisinin 2010-cu ildəkindən daha da kəskin olacağını deyir. Biz isə partiya olaraq, seçkidə iştirak etmək üçün qərar verdik. Hər bir partiya təbii ki, qarşısında maneə, təzyiq görürsə, onu müdafiə etməlidir, yəni hər hansı qərar verməlidir. Bizim partiyanın namizədləri 4-5 gündür ki, Dairə Seçki Komissiyalarına müraciət ediblər. Onların əksəriyyəti hazırda imza toplamaqla məşğuldur. Bu günə kimi partiya olaraq irəli sürdüyümüz namizədlərə təzyiq, maneə olunması ilə bağlı elə bir xəbər almamışıq. Amma vəziyyəti gündəmdə saxlayırıq. Təbliğat və təşviqat prosesində nələrin olacağı məlum deyil. Biz sona kimi seçkidə iştirak edib parlamentdə təmsil olmaq istəyirik. Digər partiyaların da qərarına hörmətlə yanaşırıq".

Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə də AzNews.az-a seçkidə iştirakın tərəfdarı olduğunu deyib: "Biz boykot haqqında qətiyyən düşünmürük. Seçkidə iştirakın tərəfdarıyıq. Hesab etmirik ki, bölgələrdə namizədlərimizi ruh yüksəkliyi ilə qarşılayarlar və onlar problem yaşamayacaq. Biz bu problemi 2010-cu ildə də yaşamışıq. Ona görə də düşünmürəm boykot çıxış yolu olsun. Seçkiləri demokratikləşdirməyin tərəfdarıyam. Bizim bir məqsədimiz var - demokratik vərdişlərin sıradan çıxmaması. Boykot yol deyil. Onsuz da seçkiyə zəif münasibət var. Biz bu münasibətlərin gücləndirməyin, partiyaların yeni müstəviyə çıxmalarının tərəfdarıyıq".

Bahar RÜSTƏMLİ
AzNews.az