Oktyabr üçün komfort hava

23 Oktyabr 2012 03:45 (UTC+04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, oktyabrın 23-də Bakıda və Abşeron yarımadasında
hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-18, gündüz 21-26 dərəcə isti təşkil edəcək.

Bölgələrdə isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşam isə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 22-27, dağlarda gecə 3-8, gündüz 12-17 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, oktyabr ayı üçün komfort temperatur şəraiti, normaya yaxın atmosfer fonunda zəif küləklərin üstünlüyü və digər biometeoroloji amillərin kompleks şəklində müsbət təsiri meteohəssas insanlar üçün əlverişlidir.

Elnarə Əlosmanqızı
AzNews.az